El Salvador hökuməti yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti ilə bağlı sərt dəyişiklikləri nəzərdə tutan yeni qanunu qəbul edib.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, qanuna əsasən, 12 yaşdan yuxarı şəxslər ağır cinayətlər - o cümlədən qətl, zorakılıq və bəzi hallarda terrorla əlaqəli əməllər törətdikdə böyüklər kimi mühakimə oluna biləcəklər.
Yeni qaydalara görə, belə cinayətlərdə təqsirli bilinən azyaşlılara uzunmüddətli və hətta bəzi hallarda ömürlük azadlıqdan məhrumetmə cəzası tətbiq oluna biləcək. Qanun ölkədə cinayətkarlıqla mübarizə çərçivəsində atılan ən sərt addımlardan biri kimi qiymətləndirilir.
Hökumət rəsmiləri dəyişikliklərin ictimai təhlükəsizliyi gücləndirmək məqsədi daşıdığını bildirir. Lakin insan haqları təşkilatları və beynəlxalq hüquq ekspertləri bu addımı tənqid edərək, uşaqların yetkinlər kimi cəzalandırılmasının hüquqi və etik problemlər yarada biləcəyini vurğulayır.
Qanunun yaxın aylarda tam şəkildə qüvvəyə minməsi gözlənilir.