Dövlət İmtahan Mərkəzində 15 aprel 2026-cı il tarixində ingilis dili fənni üzrə hazırlıq kursunun ilk məşğələsi keçirilib.
AzEdu.az xəbər verir ki, hazırlıq kursunda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Hazırlıq kursu həm əyani, həm də onlayn təşkil edilib. Regional bölmələr (Naxçıvan, Şirvan, Göyçay, Bərdə, Şəki) üzrə qeydiyyatdan keçmiş iştirakçılar məşğələlərdə onlayn formatda iştirak ediblər.
Hazırlıq kursunda DİM-in Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva kursun məqsədi və iş planı haqqında iştirakçılara məlumat verib.
Moderator Nərminə Əliyeva müvafiq fənn kurikulumunun mahiyyəti, məzmunu və strukturu ilə bağlı təqdimat edib.
Təqdimat ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Hazırlıq kursunun ikinci məşğələsi növbəti həftə keçiriləcəkdir.