Azedu.az

Bu dəyişiklik repetitorluğu LƏĞV EDƏCƏK 

Xəbərlər

16 Aprel 2026, 13:52
Bu dəyişiklik repetitorluğu LƏĞV EDƏCƏK 

Bugün Azərbaycanda təhsil kifayət qədər imtahan yönümlü olduğundan repetitor yanına getmək artıq real ehtiyaca çevrilib.

Bu sözləri AzEdu.az-a təhsil eksperti Məzahir Məmmədli söyləyib.

O qeyd edib ki, repetitorluqdan asılılıq əsasən qəbul sistemi ilə bağlıdır:

“Amma bütün bunların əsas səbəbləri var. Səbəblərdən biri, məsələn, qəbul imtahanlarının ağır şərtlər altında keçirilməsidir. Birincisi, ümumiyyətlə, Azərbaycandan başqa demək olar ki, heç bir ölkədə qruplar üzrə imtahanlar keçirilmir. İkincisi, heç bir ölkə öz şagirdini, xüsusilə məzunları ali təhsil müəssisələrinə qəbul üçün bu qədər ciddi sınağa çəkmir.

Bizim şagirdlərimiz həm buraxılış imtahanlarında, həm də blok imtahanı dediyimiz ali təhsil müəssisələrinə qəbul imtahanlarında kifayət qədər ağır şərtlər altında imtahan verirlər. Bu isə valideynləri məcbur edir ki, yuxarı siniflərdən, hətta ibtidai siniflərdən etibarən övladlarını repetitor yanına göndərsinlər.

Yəni bizim repetitorluqdan asılılığımız əsasən qəbul sistemi ilə bağlıdır. Biz artıq hər bir valideyn olaraq övladımızın ali təhsil almasını istəyirik. Ona görə də qabaqcadan övladı daha çox test yönümlü, “robotlaşmış” bilik sahibinə çevirmək təşəbbüsü göstərilir”.

Repetitorluq asılılığının aradan qaldırılmasının yeganə yolu qəbul sisteminin yumşaldılmasıdır:

“Lakin bəzən ali təhsil müəssisələrinə yüksək balla qəbul olunmuş şagirdlərin əksəriyyəti universiteti zəif nəticələrlə bitirirlər. Bu da onu göstərir ki, bütün enerjisini və potensialını yalnız test əzbərləməyə yönəldən şagirdlər yaradıcı mühitdən uzaqlaşır, sosiallaşa bilmir. Nəticədə isə gələcəkdə əmək bazarında iş tapmaqda ciddi çətinliklərlə üzləşirlər.

Xaricdə olduğu kimi, bizdə də repetitorluq asılılığının aradan qaldırılmasının yeganə yolu qəbul sisteminin yumşaldılmasıdır. Həmçinin orta məktəblərdə qiymətləndirmənin müəyyən qədər azaldılması, 2 və 5 summativ qiymətləndirmələrin sadələşdirilməsi və ali təhsil müəssisələrinə qəbulun heç olmasa qismən məktəb nəticələrinə uyğun aparılması vacibdir.

Bu baş verərsə, əlbəttə ki, həm valideynlərin üzərinə düşən maddi yük azalacaq, həm də təhsil sistemi daha balanslı və effektiv olacaq".

Türkiyədə şok yaşanır - Silahlar işə düşdü
Son xəbərlərDaha çox