Müasir məktəblilərin bir qismində atalar sözləri və məsəllərdən gündəlik nitqdə istifadə etməmək, hətta ən sadə deyimləri belə xatırlamaqda çətinlik çəkmək halları müşahidə olunur.
Bu baxımdan maraq doğuran sual budur: rəqəmsal dünyanın formalaşdırdığı “sadələşdirilmiş və sürətli dil” şagirdlərin klassik hikmətli sözləri köhnəlmiş və ya çətin qəbul edilən informasiya kimi qavramasına necə təsir edir?
AzEdu.az-a mövzu ilə bağlı Füzuli rayonu Qarabağ kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi, direktor, “İlin gənc müəllimi” Əlihüseyn Yaqubov fikirlərini bölüşüb.
O qeyd edib ki, şagirdlərin imtahan modelində atalar sözləri ilə qarşılaşması, onları istər-istəməz bu hikmətləri öyrənməyə sövq edir ki, bu da milli köklərə qayıdış üçün mühüm zəmindir:

"Atalar sözü və məsəllər əslində bəzi bölgələr üzrə dəyişir. Düzdür, sizinlə razıyam ki, bir çox yerlərdə bundan geniş istifadə olunmur və bunun müxtəlif səbəbləri var. Lakin nəzərə alsaq ki, bu ifadələr orta məktəb dərsliklərində, xüsusilə şifahi xalq ədəbiyyatına aid mətnlərdə olduğu kimi qorunub saxlanılır, həmçinin müəllimlər də bir sıra hallarda şagirdlərə nümunə gətirərkən atalar sözlərindən istifadə edirlər.
Düşünmürəm ki, atalar sözləri çox da kənarda qalıb və şagirdlər tərəfindən qəbul olunmur. Təbii ki, bu, bölgədən-bölgəyə, kənddən-kəndə, rayondan-rayona fərqlənir. Bunun əsas səbəblərindən biri də informasiya dövründə yaşamağımız, eləcə də bəzi ərazilərdə insanların xarici dillərdə danışmağa meyl etməsidir.
Eyni zamanda, DİM-in (Dövlət İmtahan Mərkəzi) mətnlərin təhlilində atalar sözlərindən istifadə etməsini yanlış hesab etmirəm. Əksinə, bunu müsbət hal kimi qiymətləndirmək olar. Şagirdlər artıq bir-iki il öncədən imtahanlara hazırlaşır, model və şablon suallarda atalar sözlərinə rast gəlirlər və bu da onları istər-istəməz öyrənməyə sövq edir. Nəticə əldə etmək istəyən hər bir şagird bu atalar sözlərini öyrənməli və onların mənasını bilməlidir. Bu isə öz növbəsində onların milli köklərə daha da yaxınlaşmasına şərait yaradır".
Atalar sözləri yalnız ədəbiyyat dərsləri ilə məhdudlaşmamalı, digər fənlərdə də mövzuların izahında və qavranılmasında bir vasitəyə çevrilməlidir:
"Ümumilikdə belə demək olar ki, məntiqi-semantik məsələlərin tədrisi ilə bağlı qeyd etdiyiniz yanaşma olduqca əhəmiyyətlidir. Əlbəttə, qeyd etdiyim kimi, bu üsullardan daha çox bədii əsərlərdə istifadə etmək mümkündür. Mən özüm də bəzi siniflərdə rəhbər şəxs kimi dərs keçdiyim üçün müşahidə edirəm ki, bu elementlər müəyyən qədər mövcuddur, lakin onların tətbiqi daha da genişləndirilə bilər.
Düşünürəm ki, bu yanaşma yalnız ədəbiyyat dərsləri ilə məhdudlaşmamalıdır. Elmi ədəbiyyatlarda və ədəbiyyata yaxın fənlərdə də bundan istifadə etmək olar. Məsələn, tarix fənnində müəyyən hadisələrin izahı zamanı, yaxud təbiət fənlərində uyğun məqamlarda atalar sözlərinə yer vermək mümkündür.
Məsələn, “Güc birlikdədir”, “At igidin qardaşıdır” kimi atalar sözlərini müxtəlif mövzuların izahında, nümunələrdə və ya mətnlərdə istifadə etsək, bu həm şagirdlərin mövzunu daha yaxşı qavramasına, həm də milli dəyərlərlə daha yaxından tanış olmasına kömək edər. Belə yanaşma, şübhəsiz ki, problemlərin həlli istiqamətində uğurlu addım hesab oluna bilər".