Azedu.az

Doğma torpağına direktor kimi qayıtdı: “Bura kiçik, amma mənası böyük olan məktəbdir"

Xəbərlər

3 Aprel 2026, 16:26
Doğma torpağına direktor kimi qayıtdı: “Bura kiçik, amma mənası böyük olan məktəbdir"

Aprel döyüşləri Azərbaycan tarixinin qızıl səhifələrinə həkk olunub. Döyüşlər cəmi dörd gün davam etsə də, Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirərək Tərtər rayonunun Talış kəndi istiqamətində yerləşən strateji mövqeləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyini, həmçinin Cocuq Mərcanlı kəndini işğaldan azad edib.

2016-cı ildən etibarən Cocuq Mərcanlı kəndində təmir və bərpa işlərinə başlanılıb. Nəticədə kənd yaşayış üçün uyğun vəziyyətə gətirilib, yeni məktəb binası tikilib. Məktəb 2017-ci ilin 15 sentyabr tarixindən fəaliyyət göstərir.

AzEdu.az Aprel döyüşlərinin 10 illiyi münasibətilə Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyevlə həmsöhbət olub.

Z. Həziyev qeyd edib ki, o, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olub. 1993-cü ildə 13 yaşında kəndi tərk edib və o zaman 6-cı sinifdə oxuyub. 2017-ci ildə isə doğma torpağına yenidən qayıdıb.

Müsahibəni təqdim edirik:

- Məktəb 2017-2018-ci tədris ilində fəaliyyətə başlayanda 60-a yaxın şagird və 20 müəllim var idi. Maraqlıdır, bu günə qədər şagird və müəllim sayında hansı dəyişikliklər olub?

180615

- 2016-cı ildə məktəb tikildikdən sonra Qarabağa Böyük Qayıdışın başlanğıcı olaraq sakinlər Cocuq Mərcanlı kəndində məskunlaşmağa başladı. Sanki bütün ölkəmizi Cocuq Mərcanlıda qarşıladıq. 2017-ci il iyunun 14-də Prezident İlham Əliyev kəndə səfər edərək məktəbin açılışını etdi. Həmin ilin 15 sentyabrından etibarən doğma torpağımızda tədrisə başladıq.

İlk dövrlərdə məktəbdə 20-dən çox müəllim və 60-a yaxın şagird təhsil alırdı. Müəllimlər əsasən qonşu kəndlərdən və Cocuq Mərcanlının özündən idi. O zamanlar düşmənlə aramızda cəmi 600-700 metr məsafə var idi.

Aprel döyüşləri zamanı işğaldan azad edilən ərazilərdən biri də Cocuq Mərcanlıya çox yaxın yerləşən Lələtəpə yüksəkliyi idi. Biz də məktəb olaraq tez-tez həmin ərazini ziyarət edirik.

Məktəb ümumilikdə 96 şagird üçün nəzərdə tutulsa da, hazırda burada 114 şagird təhsil alır. Müəllim heyəti isə 24 nəfərdən ibarətdir. Hərbçilərimizin övladları da bu məktəbdə təhsil alırlar.

Son 10 ildə Cocuq Mərcanlı sürətlə inkişaf edib, kənddə geniş abadlıq işləri aparılıb. Qarabağa Böyük Qayıdışın başlanğıcı məhz bu kənddən qoyulub. Hazırda burada 150 ailə yaşayır. Cocuq Mərcanlı 10 ildir ki, şəhid və qazilərimizin sayəsində ən gözəl günlərini yaşayır.

- Siz nə vaxtsa burada direktor kimi çalışacağınızı düşünürdünüzmü?

- Mən daha çox məktəbdə müəllim kimi çalışmağı düşünərdim, nəinki direktor kimi fəaliyyət göstərməyi - bunu heç vaxt ağlıma gətirməzdim. Hadisələr isə o qədər sürətlə inkişaf etdi ki, ordumuzun Lələtəpə yüksəkliyini və Cocuq Mərcanlını azad etməsi, daha sonra Prezident İlham Əliyevin 2017-ci ilin yanvar ayında kənddə ilkin mərhələdə 50 yaşayış evinin tikilməsi ilə bağlı sərəncam imzalaması və kəndin qısa müddətdə hazır vəziyyətə gətirilməsi prosesi hər şeyi dəyişdi.

Daha sonra kənddə yaşamaq üçün könüllülər siyahısına mən də ailəmlə birlikdə, həyat yoldaşım və iki övladımla qoşuldum.

Sonradan bildirildi ki, Cocuq Mərcanlıya köçən ali təhsilli şəxslərdən biri məktəb rəhbəri olmalıdır. Mən Odlar Yurdu Universitetində ingilis dili ixtisası üzrə, daha sonra isə Azərbaycan Müəllimlər İnstitutunda psixologiya ixtisası üzrə təhsil almışam. Açığı, məni direktor imtahanına göndərmədilər, təyinatım istisna hal kimi həyata keçirildi. Normalda iki mərhələdən ibarət olan imtahanda iştirak etməli idim. Lakin Elm və Təhsil Nazirliyi qayıdışla bağlı mənə güzəşt etdi. Çünki həm buraya köçən ailələrdən biri idim, həm də müəyyən olunmuş meyarlara cavab verən yeganə namizəd hesab olunurdum.

180616

- 24 il sonra öz yurdunuza direktor kimi qayıtmaq…Düşünürəm ki, bu, sizin üçün tamam fərqli duyğudur. İlk iş gününüzü və döyüşləri necə xatırlayırsınız?

- Bəli, bu torpaqlar mənim üçün doğmadır. 1993-cü ildə torpaqlarımızdan çıxdıqdan sonra Sabirabad rayonunda məskunlaşdıq. 2007-ci ildən isə Biləsüvarda, Cəbrayıl rayonundan olan köçkünlər üçün kütləvi məskunlaşma prosesi nəticəsində orada yaşadıq. Mən o vaxt Cəbrayıl rayonu Çərəkən kənd tam orta məktəbində ingilis dili müəllimi və psixoloq kimi fəaliyyət göstərirdim.

2017-ci ildə doğma torpaqlarımıza qayıtdıq. Bunu ifadə etmək çox çətindir, bunu ancaq yaşamaq mümkündür. Mən özümü və məktəbimi Azərbaycandakı bütün məktəblərdən, bütün direktorlardan şanslı hesab edirəm. Məktəbimizin xatirə kitabı var; onu vərəqləyəndə şəhid analarının və hərbçilərin ürək sözlərini gördükdə düşünürəm ki, yaxşı ki, mən bu işlə məşğulam.

Əvvəl başqa məktəbdə müəllim kimi çalışmışam, amma burada fəaliyyətə başlayanda gördüm ki, öz kəndimdə çalışdığım qədər ürəkdən heç vaxt çalışmamışam. Məktəbimizin həyətindəki hər ağaca belə diqqətlə yanaşıram, istəmirəm ki, onlara zərər dəysin, çünki məktəbimizdə Qarabağa Qayıdışın başlanğıcı oldu.

180614

- Bugünkü zəfər yoluna Cocuq Mərcanlı necə təsir göstərdi?

- Mən 2018-ci ildə Azərbaycan müəllimlərinin qurultayında çıxışım zamanı demişdim ki, vaxt gələcək, torpaqlarımız işğaldan azad olunacaq, Qarabağda, Xankəndində Azərbaycan bayrağı dalğalanacaq. O zaman bunu düşünmək qəribə səslənirdi. Yaxın günlərdə həmin çıxışda oxuduğum mətni gördükdə, həqiqətən, təhsildə də arzularımızın çin olduğunu düşündüm. Məktəbimizin binası çox kiçikdir, amma davamlı olaraq burada yüzlərlə qonağı qarşılayanda deyirdim: “Bu kiçik, amma mənası çox böyük olan bir məktəbdir".

- Məktəbin binası böyüdüləcəkmi?

- Bəli, bununla bağlı Elm və Təhsil Nazirliyinə müraciət etmişik. Hazırda məktəbin idman zalı yoxdur. Düşünürəm ki, bu, 2016-cı ildə məktəbin düşmən xəttinə yaxın olması (600–700 metr məsafə) və təhlükəsizliyi təmin etmək üçün onu kiçik şəkildə tikmələri ilə bağlıdır.

- Düşmən xəttinə yaxın yerləşən məktəbdə şagirdlərdə qorxu hissi olubmu?

- Qorxu yalnız uşaqların təhlükəsizliyi üçün var idi. 2020-ci ilin 12 iyulunda Tovuz döyüşləri zamanı düşmənin atəşləri kənddəki yaşayış evlərinə zərər yetirirdi. Səhərlər məktəb həyətində uşaqlara Dövlət Himnini oxutdurduqda, onları mümkün təhlükələrdən qorumaq üçün əks tərəfə keçirirdik. İnsan psixoloji cəhətdən təhlükəni bildiyi halda daha möhkəm olur, amma hər an şagirdləri düşünürdük və bəzən atışma zamanı onları güllələrdən qorumaq üçün əks tərəfə keçirirdik.

- İndiyə qədər neçə məzununuz ali təhsil müəssisələrinə qəbul olub?

- Hər sinifdə şagird sayı az olsa da, hər il məzunlarımız olur. 2017-2018-ci tədris ilindən bu yana 18 nəfər məzunumuz ali təhsil müəssisələrinə qəbul olub.

- Cocuq Mərcanlı işğaldan azad edilsə də, 4 il sonra 44 günlük Vətən müharibəsi başladı. Siz həmin hərbi əməliyyatların canlı şahidlərindən birisiniz. Həmin dövrləri necə xatırlayırsınız?

- Mən müharibə dövründə kənddə olmuşam. O günlərdə geri çəkilməyi yox, yalnız irəli getməyi düşünürdük. Qorxuya yer yox idi, ürəyimizdə yalnız ümid və inam var idi. Yaralı hərbçilərimizə köməklik göstərir və əlimizdən gələn hər şeyi etməyə çalışırdıq. 

Son olaraq qeyd etmək istəyirəm ki, bizim Cocuq Mərcanlıya qayıtmağımız, buradakı tədrisin bərpası şəhid və qazilərimizin göstərdiyi misilsiz qəhrəmanlıq sayəsindədir. Cocuq Mərcanlı, eyni zamanda Qarabağımız, Müzəffər Ordumuzun igidliyi və qəhrəmanlığı ilə yenidən həyata qayıtdı. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirəm. Onların fədakarlığı bizim üçün əbədiyyətə çevrilən bir örnəkdir.

ABŞ xüsusi təyinatlıları İran girdi - Q*anlı döyüşlər başladı
Son xəbərlərDaha çox