Azedu.az

Diplomun rəngi tarix olur - “Tələbələrin motivasiyası sarsıla bilər”

Universitetlər

7 Aprel 2026, 15:23
Diplomun rəngi tarix olur - “Tələbələrin motivasiyası sarsıla bilər”

İllərdir tələbələr üçün qırmızı diplom həm vizual bir uğur göstəricisi, həm də ciddi bir motivasiya mənbəyi olub. Lakin diplomların elektron formata keçməsi bu ənənəvi vizual simvolu aradan qaldıra bilər.

Maraqlıdır, elektron diplom sisteminə keçid qırmızı diplom almaq istəyən tələbələrin motivasiyasına necə təsir göstərə bilər?

Mövzu ilə bağlı AzEdu.az-a fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov açıqlama verib.

O qeyd edib ki, qırmızı diplom istəyən tələbələr üçün elektron formata keçid müəyyən qədər ruh düşkünlüyü yarada bilər:

178981

"Diplomların elektron formata keçməsi təhsil dünyasında həm praktiklik, həm də psixoloji bir transformasiya yaradır. Bu dəyişikliyin tələbə motivasiyasına və cəmiyyət tərəfindən qəbuluna təsirlərini bir neçə bəndlə ümumiləşdirmək olar.

Birincisi, tələbələrin bir çoxu üçün qırmızı diplom sadəcə bir kağız parçası deyil, illərlə çəkilən zəhmətin fiziki mükafatı kimi qiymətləndirilir. O, həm vizual bir simvol, həm də motivasiyadır. Elektron diplom isə bu toxunula bilən uğur hissini bir qədər azalda bilər. Qırmızı rəngin vizual qüruru da var; onu ailəyə göstərmək, paylaşmaq və ya xatırlatmaq rəqəmsal fayldan eyni təsiri yaratmır.

Eyni zamanda əsas stimul qırmızı rəngdir və bu rəng diplom istəyən tələbələr üçün elektron formata keçid müəyyən qədər ruh düşkünlüyü yarada bilər. Zamanında mən də universiteti fərqlənmə diplomu ilə bitirmişəm və o fərqlilik hətta diplomun rəngində belə gözə çarpırdı. Diplomun içərisində "fərqlənmə" sözü yazılır və bu, əlbəttə ki, illərin zəhmətinin bir bəhrəsi kimi nümayiş olunur".

Rəqəmsallaşma rəqabəti rəng üzərindən deyil, daha kreativ yanaşmalar və bilik nümayişi üzərindən qurmağa təşviq edir

"Bu mənada, əgər əsas hədəf yüksək bilik qazanmaq və akademik üstünlük əldə etməkdirsə, formatın fərqi böyük rol oynamır. Tələbələr üçün əsas rəsmi göstəricilər reytinq və transkriptdir. Diploma əlavə olaraq transkript verilir və orada tələbənin universiteti yüksək göstəricilərlə bitirdiyi aydın şəkildə qeyd olunur.

Rəqəmsallaşmaya keçid isə elektron sistemlərin tələbə nailiyyətlərini daha detallı əks etdirməsinə imkan verir. Bu, rəqabəti rəng üzərindən deyil, daha kreativ yanaşmalar və bilik nümayişi üzərindən qurmağa təşviq edir. Eyni zamanda, burada statusdan funksionallığa doğru bir keçid baş verir: tələbələr diplomun rənginə yox, onun əmək bazarında etibarlılığına və praktik faydasına daha çox önəm verirlər".

İşəgötürən üçün fiziki kağızın rəngindən daha vacib olan, diplomun həqiqiliyidir və onu təqdim edən şəxsin işəgötürənin tələblərinə cavab verən bilik və bacarıqlarıdır:

"İş dünyasında diplomun formatı prestij anlayışını əslində tamamilə dəyişəcək. Hazırda işə qəbul prosesi daha çox xüsusi imtahanlar, müsahibələr və digər meyarlar üzərindən həyata keçirilir və burada diplomun rəngi artıq əsas rol oynamır. Diplom yalnız sahibinə qısa müddətli zövq verə bilər. İşəgötürən üçün isə fiziki kağızın rəngindən daha vacib olan, diplomun həqiqiliyidir və onu təqdim edən şəxsin işəgötürənin tələblərinə cavab verən bilik və bacarıqlarıdır.

Elektron diplomun üstünlükləri də burada ortaya çıxır. O, saxtakarlığın qarşısını alır, qısa bir zamanda yoxlanıla bilir və diplomun peşəkar dəyərini artırır. Çünki cəmiyyətdə xeyli sayda saxta diplomlu insanlar mövcuddur və bəzən belə diplomlar vasitəsilə iş əldə edənlər də olur. Elektron diplom isə bu cür halların qarşısını effektiv şəkildə alır.

Qırmızı diplom prestijinin yerini artıq rəqəmsal sertifikatlar və ixtisaslaşmış bacarıqlar portfeli tutur. Cəmiyyət üçün sosial status simvolu kimi dəyəri azalsa da, peşəkar müstəvidə elektron diplom daha effektiv və praktik hala çevrilir. Xarici təcrübəyə nəzər yetirmək də faydalıdır: Amerika Birləşmiş Ştatları və Avropa ölkələrində elektron diplomlara keçid artıq standart bir təcrübədir və bu, sadəcə kağızın rəqəmsallaşması kimi qəbul olunmur; bütöv bir ekosistem dəyişikliyi kimi özünü göstərir.

Məsələn, mənim oğlum xaricdə təhsil alıb. Onun aldığı universitet diplomu Azərbaycan diplomları qədər vizual baxımdan cəlbedici deyil, amma əsas odur ki, transkriptdə onun oxuduğu müddətdə əldə etdiyi biliyin göstəriciləri, balları aydın şəkildə qeyd olunub. Burada prestij həm də universitetin adından qaynaqlanır".

Tələbə qırmızı diplomunu evdə divardan asmaq əvəzinə, rəqəmsal dünyada hər kəsə nümayiş etdirmək üçün daha ciddi platformalardan istifadə edə bilər:

"Eyni zamanda universitetlər daha yüksək nailiyyət göstərmiş tələbələrə fərqləndirici sertifikatlar və rəqəmsal nişanlar təqdim edirlər. Bu, tələbənin oxuduğu müddətdə akademik bilikləri daha uğurla əldə etdiyini nümayiş etdirir və onun professional dəyərini artırır.

Amerika Birləşmiş Ştatları və Avropa universitetlərinin tələbələrinin fərqlənməsini görmək üçün rəqəmsal nişanlar sistemindən istifadə edirlər. Mən düşünürəm ki, bunu Azərbaycanda da tətbiq etmək olar. Bu nişanlar tələbənin elektron profilində və ya rəqəmsal CV sistemində dərhal görünür. Tələbə qırmızı diplomunu evdə divardan asmaq əvəzinə, rəqəmsal dünyada hər kəsə nümayiş etdirmək üçün daha ciddi platformalardan istifadə edə bilər və məhz xaricdə aldığı rəqəmsal nişanları göstərərək öz bacarıqlarını vurğulaya bilər.

Elektron nişanlar isə sadəcə “fərqlənmə” demək deyil. Onlar diplomun arxasındakı spesifik bacarıqları real datalarla işəgötürənə təqdim etməyə imkan verir. Ümumilikdə, işəgötürənlər üçün elektron diplomun prestiji fiziki diplomdan daha yüksəkdir və xarici təcrübə bunu açıq şəkildə göstərir".

Elektron sənəd işə qəbul prosesini kifayət qədər qısaldır; beynəlxalq şirkətlər artıq kağız diplomların poçtla gəlməsini və ya notarial təsdiqini gözləmir:

"Bir çox universitet diplomları blokçeyn (blockchain) texnologiyası ilə qorunur. Bu blokçeyn təhlükəsizliyini məhz bura inteqrasiya ediblər, bu diplomun saxtalaşdırılmasını qeyri-mümkün edir və işəgötürən bir kliklə sənədin doğruluğunu yoxlaya bilir. Və beynəlxalq şirkətlər artıq kağız diplomların poçtla gəlməsini və ya notarial təsdiqini gözləmirlər. Elektron sənəd işə qəbul prosesini kifayət qədər qısaldır.

Ümumilikdə araşdırmalar göstərir ki, rəqəmsal nişanlar və pilləli nailiyyət göstəriciləri tələbələrin kursları bitirmə ehtimalını əhəmiyyətli dərəcədə artırır. Bəzən 50%-ə qədər. Çünki tələbə yalnız dörd ilin sonunda qırmızı kağız almır; hər semestr onun rəqəmsal profilində yeni uğurlar və nailiyyətlər görünür ki, bu da davamlı motivasiyanı təmin edir.

Bu mənada, Azərbaycanda bu prosesə keçid barədə qərar artıq verilib. Bildiyim qədər, təxminən beş ildən çoxdur, amma bunu sürətləndirmək lazımdır. Tələbələr başa düşməlidirlər ki, qırmızı diplom vizual olaraq cəlbedici ola bilər və “fərqlənmə” sözü onları anlıq olaraq fərqləndirə bilər. Amma daha əhəmiyyətli olan, xarici təcrübədə sınaqdan keçmiş və təsdiqlənmiş yeni diplomlar və onların arxasında dayanan real bilik və bacarıqlardır".

TƏCİLİ! Türkiyədə İsrailə görə dəhşətli atışma: Ö*lü və yaralılar var
Son xəbərlərDaha çox