Türkiyənin Kahramanmaraş vilayətinin Onikişubat rayonundakı məktəbə silahlı hücum edərək 10 nəfəri öldürüb, 20 nəfəri də yaralayan İsa Aras Mersinlinin hadisə zamanı dediyi son sözlər məlum olub.
AzEdu.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, hadisə zamanı hücum edən şagirdə müdaxilə edən valideyn Necmeddin Bekçi yaşananları danışıb.
N.Bekçi hadisə günü məktəbin yaxınlığındakı evində silah səsləri eşitdiyini bildirib. O, şagirdlərin çaxnaşma içində pəncərələrdən tullanmağa və məktəbdən qaçmağa çalışdığını gördüyünü söyləyib.
Məktəbə qaçdığını deyən N.Bekçi övladlarının yanına çatdıqdan sonra silah səslərinin gəldiyi bölməyə yönəldiyini vurğulayıb.
"Məktəbə yeməkxana tərəfdən daxil oldum və üst mərtəbəyə çıxanda iki müəllimlə yeməkxana işçisinin silahlı ilə mübarizə apardığını gördüm. Onlara dəstək olmaq üçün müdaxilə etdim".
Hücumçunu zərərsizləşdirib təhlükəsizlik qüvvələrinə təhvil verməyi hədəflədiklərini ifadə edən valideyn o vaxt bəzi şagirdlərin tualetlərdə gizləndiyini bildirib.
N.Bekçi, həmçinin İsa Aras Mersinlinin təhlükəsizlik qüvvələrinə təslim edildiyi vaxt "Məni bağışla" deyə təkrar etdiyini eşitdiyini qeyd edib.