23 aprel Türkiyədə böyük sevinc və qürurla qeyd olunan Milli Suverenlik və Uşaq Bayramı günüdür.
Bu bayram həm uşaqlara həsr olunması, həm də ölkənin müstəqillik tarixində mühüm bir hadisəni əks etdirməsi ilə xüsusi əhəmiyyət daşıyır. Hər il bu tarixdə məktəblərdə, meydanlarda və müxtəlif tədbirlərdə uşaqların iştirakı ilə rəngarəng proqramlar təşkil olunur və onların sevinci bütün ölkəni əhatə edir.
Bu bayramın yaranma tarixi 1920-ci ilə gedib çıxır. Məhz 23 aprel tarixində Böyük Millət Məclisinin açılması Türkiyə xalqının öz müqəddəratını müəyyən etməsində mühüm tarixi addım kimi qiymətləndirilir. Türkiyənin qurucusu Mustafa Kamal Atatürk 23 aprel tarixini 1929-cu ildən etibarən uşaqlara hədiyyə edib. Bununla da həmin gün ilk dəfə Uşaq Bayramı kimi qeyd olunmağa başlanıb və dünyada uşaqlara həsr edilən ilk milli bayram kimi tarixə düşüb.

1979-cu ildən etibarən bu bayram beynəlxalq miqyas alaraq "UNESCO" tərəfindən də tanınmışdır. Hər il dünyanın dörd bir yanından müxtəlif dillərdə danışan, müxtəlif mədəniyyətlərə sahib uşaqlar Türkiyəyə gəlir. Onlar bir-birlərinin əllərindən tutaraq sülh rəqsləri edir, dostluq körpüləri qururlar. Bu, dünyaya verilən ən gözəl mesajdır: "Yurdda sülh, cahanda sülh!"

23 aprelin bu gün də qeyd olunmasının əsas məqsədi uşaqların cəmiyyətdəki rolunu vurğulamaq və onların hüquqlarına diqqət çəkməkdir. Uşaqlar hər bir xalqın gələcəyidir və onların sağlam, xoşbəxt və savadlı böyüməsi cəmiyyətin inkişafının əsas şərtidir. Bu bayram vasitəsilə uşaqlara sevgi, qayğı və diqqətin nə qədər vacib olduğu bir daha xatırladılır. Onların arzularına dəyər vermək, fikirlərini dinləmək və onları qorumaq hər bir böyüyün məsuliyyətidir.

Bu günün qeyd olunması zamanı ən diqqətçəkən məqamlardan biri də uşaqların simvolik olaraq dövlət idarəçiliyində iştirak etməsidir. Türkiyədə bu gün uşaqlar parlamentdə, bələdiyyələrdə və müxtəlif rəsmi qurumlarda böyüklərin yerini tutaraq öz fikirlərini ifadə edir, gələcək üçün arzularını bölüşürlər. Bu, uşaqlara özlərinə inam qazandırır və onların cəmiyyətin fəal üzvünə çevrilməsinə dəstək olur.


Qeyd edək ki, 23 aprel təkcə Türkiyə ilə məhdudlaşmır. Bu bayram həm də Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) rəsmi dövlət bayramı kimi eyni coşqu ilə qeyd olunur.

Bununla yanaşı, Azərbaycanda da 23 aprelə xüsusi diqqət göstərilir. Ölkəmizdə bu gün münasibətilə məktəblərdə, uşaq bağçalarında və mədəniyyət mərkəzlərində müxtəlif tədbirlər, konsertlər və festivallar təşkil olunur.
Uşaqların iştirakı ilə keçirilən bu proqramlar onların sevincini artırmaqla yanaşı, cəmiyyətin gələcəyi olan balacalara verilən dəyərin bariz nümunəsi kimi çıxış edir. Bu tədbirlər vasitəsilə uşaqların yaradıcılığı, istedadı və dünyagörüşü inkişaf etdirilir, onların xoşbəxt və sağlam mühitdə böyüməsinin vacibliyi bir daha ön plana çəkilir.


