Azedu.az

Bu ixtisas üzrə təhsil alanlar daha asan İŞ TAPACAQ

Universitetlər

23 Aprel 2026, 09:07
Bu ixtisas üzrə təhsil alanlar daha asan İŞ TAPACAQ

Keçdiyimiz günlərdə “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların təsnifatı”na yeni məzmunda 6.46-cı bənd əlavə olunub. Qərara əsasən, bakalavriat səviyyəsində tədris olunan ixtisasların siyahısına “Daşınmaz əmlakın idarə olunması” da daxil edilib.

Yeni yaradılmış ixtisasla bağlı cəmiyyətdə müxtəlif fikirlər mövcuddur. Belə ki, bir çox insan hesab edir ki, bu ixtisası seçənlər gələcəkdə iş tapmaqda çətinlik çəkə bilər və əmək bazarında bu sahəyə tələbat kifayət qədər olmayacaq.

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Məzahir Məmmədli qeyd edib ki, bu sahənin mütəxəssisi olanlar gələcəkdə əmək bazarında daha asan iş tapa biləcəklər:

162184

“Biz bu kimi addımlara dövlət olaraq, məncə, bir qədər gecikmişik. Çünki artıq dünyada baş verən proseslər və hadisələrin sürətli inkişafı həm ixtisasların dəyişməsinə, həm də yenilənməsinə istiqamət verir. Bu baxımdan, daşınmaz əmlakın idarə olunması ilə bağlı yeni ixtisasın yaradılması bir qədər gecikmiş hesab oluna bilər.

Qaldı ki, bu ixtisas üzrə təhsil alanların gələcəkdə işlə təmin olunmasına, mən düşünürəm ki, əksinə, onlar üçün əmək bazarında kifayət qədər geniş imkanlar olacaq. Çünki bu gün ölkədə ciddi tikinti prosesi gedir, yeni binalar inşa olunur və onların qiymətləndirilməsi, idarə olunması kimi sahələrə ehtiyac artır. Hazırda isə bu işlərə əsasən iqtisadçılar və ya kadastr sahəsində təhsil almış, lakin birbaşa bu ixtisas üzrə ixtisaslaşmamış şəxslər cəlb olunurlar. Birbaşa bu sahənin mütəxəssisi olmaq, yəni daşınmaz əmlakın idarə olunması üzrə xüsusi bilik bazasına sahib olmaq, gələcəkdə əmək bazarında daha asan iş tapmaq demək olacaq”.

Bu prosesdə əsas məsuliyyət universitetin üzərinə düşür:

“Tədrisin təşkili məsələsinə gəldikdə isə, bu prosesin müəyyən zaman tələb etdiyi aydındır. Bildiyimə görə, Azərbaycanda İnşaat Mühəndisləri Universitetində ilkin mərhələdə təxminən 25 nəfərlik qəbul planlaşdırılır. Lakin universitetin bu ixtisasa nə dərəcədə hazır olduğunu demək hələ çətindir. Bunun üçün yeni laboratoriyaların yaradılması, uyğun tədris materiallarının və ədəbiyyatın təmin edilməsi vacibdir.

Əlbəttə ki, bu məsələlər universitet qarşısında ciddi öhdəliklər qoyur və bu öhdəliklərin tədris müddəti ərzində keyfiyyətlə yerinə yetirilməsi zəruridir. Əks halda, əgər tədris yalnız formal xarakter daşıyacaq və digər ixtisasların materialları ilə məhdudlaşacaqsa, gələcəkdə peşəkar daşınmaz əmlakın idarə olunması mütəxəssislərinin yetişdirilməsi mümkün olmayacaq.

Bu səbəbdən hesab edirəm ki, bu prosesdə əsas məsuliyyət universitetin üzərinə düşür və yanaşma kifayət qədər ciddi və məqsədyönlü olmalıdır".

İran Azərbaycanı uşaqlarla hədələdi: Qadınlara da silah paylandı
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox