Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə tələbələr üçün keyfiyyət infrastrukturu mövzusunda açıq dərs təşkil olunub.
Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin əməkdaşı Yunus Hüseynov “Keyfiyyət infrastrukturu: metrologiya, standartlaşdırma, akkreditasiya və texniki tənzimləmə” mövzusunda təqdimatla çıxış edib.
Maarifləndirici tədbir zamanı keyfiyyət infrastrukturunun mahiyyəti, əsas elementləri, obyektləri və quruluşu barədə ətraflı məlumat verilib. Keyfiyyət infrastrukturunun iqtisadi faydası praktiki misallar üzərindən izah edilib. Sözügedən sahədə normativ hüquqi bazaya dair ətraflı məlumat diqqətə çatdırılıb.
Bununla yanaşı, açıq dərsdə texniki tənzimləmə sistemi, onun tətbiqi mexanizmləri, texniki reqlamentlərin məhsulların təhlükəsizliyinin təmin olunmasında rolu, onların şamil olunduğu sahələr barədə tələbələrə geniş məlumat təqdim olunub.