Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-18 15:50:00
“Cavab verə bilmədiyim suala görə müəllim özünü günahkar sayıb, üzr istədi” – Almaniyadakı soydaşımız

Son  illər  gənclərin xaricdə təhsil almağa  marağı daha da artıb.

Onlar hansı ölkədə təhsil alacaqlarını, sevdikləri şəhər, büdcə və ya qəbul olduqları təqaüd  proqramına əsasən müəyyən edirlər.

Bu zaman universitet və ixtisas seçimi bir sıra suallar yaratdığından, gənclər qərarlarından   tam   əmin ola bilmirlər.

Bu kimi sualları cavablandırmaq üçün həmin ölkədə təhsil alan tələbələrin verdikləri məlumatlar daha əsaslı olur.

Almaniyanın Rostok Universitetində təhsil alan Murad Hüseynov AzEdu.az-a müsahibəsi zamanı mövzu ilə bağlı zəruri bilgilərini bizimlə bölüşüb.

Murad Hüseynov hazırda Rostok Universitetində informatika və elektronik ixtisasının magistr pilləsi üzrə təhsil alır.

Öncə, universitet haqqında ümumi məlumat:

Rostok Universiteti Avropanın ən qədim ali təhsil müəssisələrindən biridir. Universitetin əsası 1419-cu ildə qoyulub.

Yaxşısı budur, universitet haqqında Muradın özü bizə məlumat versin:

“Rostokda oxumağın üstünlüklərindən biri maddi-texniki bazası mükəmməl dərəcədə olmasıdır”-deyən Murad universiteti haqqında fəxrlə danışır:

“Rostok Universitetində təhsil çox güclüdür. Tələbələr  universitetdə istənilən otağa, məkana  tələbə kartı ilə icazəsiz, sərbəst girə bilirlər. Universitetdə ümumiyyətlə,  hər şey elektronlaşdırılıb, sistemləşdirilib. Ölkədə tələbələr üçün yeməkxanalarda endirimlər, pulsuz nəqliyyat mövcuddur.

Rostok Universitetinin hər bir maddi texniki bazası tələbələrə açıqdır.  Onu da qeyd edim ki, universitet bu yaxınlarda 600 illiyini qeyd edəcək.

Universitetin kitabxanası ikinci evimizdir. Burada  tələbələrin yatması üçün xüsusi  yer,  sürətli internet var. Hətta universitetin ən böyük yeməkxanası kitabxananın həyətindədir. Bir sözlə dərs oxumaq üçün mükəmməl  kitabxanalarımız var”.

Murad bildirib ki, Almaniyada  bəzi federal torpaqlar istisna olmaqla (Baden-Württemberg semesteri 1500 avro) universitetdə təhsil haqqı ödənişsizdir:

 “Rostok Universitetində tələbələr sadəcə bilet  (“ticket”)  üçün 170 avro ödəyirlər.  Tələbələrə verilən kartla nəqliyyat və digər xidmətlər ödənişsiz və ya endirimli olur. Hətta kartla Avropadaxili muzeylərə, xüsusi qorunan yerlərə belə endirimli və ya pulsuz daxil olmaq olur.

Almaniyanın uğurlu təhsil siyasəti nəticəsində bütün şəhərlərini demək olar ki, tələbə şəhərciyi adlandırmaq olar.

Onun sözlərinə görə, Almaniya universitetlərinə  qəbul prosedurası digər ölkələrə nisbətən çətindir:

“Rostok Universitetində  qəbul şərtləri standartdır.  Hazırda universitetdə imtahan dövrü yaxınlaşır. Burada müəllimlər hətta imatahanda belə tələbələri öyrətməyə çalışırlar. Almaniyada imtahanlar tamamilə stressizdir. Amma Azərbaycanda imtahanı təşkil edənlər ona  tələbələrin "ölüm nöqtəsi" kimi yanaşırlar. Sanki sübut etmək istəyirlər ki, "biz dərs keçdik, amma siz bilmirsiniz"…  

Rostok Universitetində bir dəfə şifahi imtahan keçirilirdi. İmtahanda cavablaya bilmədiyim suala görə müəllim özünü günahkar saydı. Sonra dərsi mənə izah etməyə başladı. Müəllim hətta  məndən üzr istədi ki, yəqin sənə yaxşı öyrədə bilmədim.

Rostok Universitetinin bir çox  məşhur məzunları var.  Burada çalışan azərbaycanlılardan Cavid Səfərovu  qeyd etmək istərdim.  O, 2006-cı ildən  Rostok Universitetinin Texniki Termodinamika kafedrasının elmi işçisidir. Onun bizə çox köməyi olub”. 

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları