Azedu.az

Peşə təhsilində xanımların sayı YÜKSƏLİR

Peşə təhsili

7 Aprel 2026, 11:27
Peşə təhsilində xanımların sayı YÜKSƏLİR

Son illərdə Azərbaycanda təhsil sisteminin müxtəlif pillələri üzrə müşahidə olunan müsbət dəyişikliklər peşə təhsili sahəsində də özünü aydın şəkildə göstərir. Xüsusilə xanımların bu sahəyə artan marağı və fəal iştirakı cəmiyyətin sosial-iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi (Əfəndiyev) qeyd edib ki, peşə təhsili sahəsində son dövrlərdə marağın artdığını müşahidə edirik:

180831

"Xüsusilə həm ali təhsil, həm orta ixtisas təhsili, həm də peşə təhsili üzrə xanımların iştirakı əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib. Bu isə, şübhəsiz ki, sevindirici haldır.

Ötən günlərdə Elm və Təhsil Nazirliyinin təşkil etdiyi infotur zamanı Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri arasında gənc xanım traktorçuların da yer alması bu inkişafın bariz nümunəsidir.

Təkcə bu istiqamətdə deyil, digər sahələr üzrə də xanımların fəal iştirakı diqqət çəkir. Əvvəlki illərdə bəzi regionlarda qızların təhsil alması müxtəlif səbəblərdən məhdud idi. Bu, bəzən ənənəvi düşüncə tərzi ilə, bəzən isə erkən nikah halları ilə bağlı olurdu. Lakin hazırkı müşahidələr göstərir ki, xanımlar həm peşə təhsilində, həm orta ixtisas təhsilində, həm də ali təhsildə geniş şəkildə təmsil olunurlar. Hətta bəzi ixtisaslar üzrə onların üstünlük təşkil etdiyini də görmək mümkündür.

Son dövrlərdə peşə təhsilinə marağın və inkişafın artdığı aydın şəkildə hiss olunur. Əvvəlki illərlə müqayisədə hər il bu sahəyə müraciət edənlərin həm oğlanların, həm də qızların sayında artım müşahidə edilir. Onlar müxtəlif peşə istiqamətlərinə yönəlirlər. Düşünürəm ki, bəzi bölgələrdə peşə təhsili ilə bağlı düzgün maarifləndirmə və təbliğat işləri daha sistemli şəkildə aparılarsa, xanımların bu sahəyə cəlb olunması daha da genişlənə bilər".

Rusiyadan bu ölkələrə sərt xəbərdarlıq: VURACAĞIQ!
Son xəbərlərDaha çox