Azedu.az

Artıq peşələr “qadın” və “kişi” deyə ayrılmır - REPORTAJ

Peşə təhsili

7 Aprel 2026, 09:41
Artıq peşələr “qadın” və “kişi” deyə ayrılmır - REPORTAJ

Aprelin 3-də Cəlilabad Peşə Dövlət Təhsil Mərkəzi ilə yaxından tanış olmaq məqsədilə müəssisəyə səfər etdik. Səfər çərçivəsində mərkəzin fəaliyyəti, tədris prosesi və tələbələr üçün yaradılan şəraitlə yerində tanış olduq. Müəssisədə müxtəlif ixtisaslar üzrə həyata keçirilən təlimlər, maddi-texniki baza və istehsalat təcrübəsi imkanları barədə ətraflı məlumat verildi.

Səhər saatlarında Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin ərazisinə daxil olan kimi aydın olur ki, burada təhsil yalnız sinif otaqları ilə məhdudlaşmır. Bir tərəfdə emalatxanalarda iş gedir, digər tərəfdə isə açıq sahədə praktiki məşğələlər keçirilir. Sahədə hərəkət edən texnika, işləyən tələbələr və paralel davam edən tədris prosesi buradakı yanaşmanın fərqli olduğunu ilk baxışdan göstərir.

Məhz bu mühiti yaxından görmək üçün təşkil olunan infotur çərçivəsində jurnalistlər, ekspertlər və rəsmi şəxslər mərkəzdə toplaşmışdılar.

İnfoturda elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, nazirliyin nümayəndələri, Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları, media qurumlarının rəhbərləri, jurnalistlər və blogerlər iştirak edirdilər. Məqsəd isə peşə təhsilində baş verən yenilikləri yerində nümayiş etdirmək və bu sahəyə marağı daha da artırmaq idi.

Regiona uyğun qurulan təhsil modeli

İnfoturun başlanğıcında çıxış edən Elm və Təhsil nazirinin müavini Kənan Kərimzadə mərkəzin əsas fərqini belə izah etdi:

180796

“Cənab Prezidentin sərəncamı ilə Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi 2023-cü ildə açılıb. Ərazi və tikili sahəsinə görə ölkənin ən böyük peşə məktəbidir. Burada südçülük sahəmiz var və ilk növbədə fermanı gəzməyi təklif edərdim.

Daha sonra mebel sexini və tədris binasını sizlərə təqdim edəcəyik. Əsas məqsəd hər rayon üzrə spesifik istiqamətləri nümayiş etdirməkdir. Məsələn, Lənkəranda şirniyyat və otelçilik sahələrini gördünüz. Burada isə daha çox kənd təsərrüfatı istiqamətləri təqdim olunur”.

Bu yanaşma göstərir ki, mərkəzdə tədris təsadüfi deyil, regionun iqtisadi xüsusiyyətlərinə uyğun şəkildə planlaşdırılıb.

Dərs otağından sahəyə

Çərkəzlə tanışlıq zamanı aydın olur ki, burada dərs otaqları sadəcə başlanğıcdır. 25 sinif otağı, 13 emalatxana, laboratoriyalar, STEAM mərkəzi və digər imkanlar tələbələr üçün geniş şərait yaradır. Amma əsas fərq bu imkanların tətbiqindədir.

İnfotur iştirakçıları üçün ən maraqlı məkanlardan biri mərkəzin ərazisində yerləşən maldarlıq ferması oldu. Burada tələbələr heyvandarlıq sahəsində qazandıqları bilikləri real şəraitdə tətbiq edirlər. Yemləmə, qulluq və gündəlik nəzarət artıq dərs proqramının ayrılmaz hissəsinə çevrilib. Bu isə onu göstərir ki, tələbə yalnız öyrənmir, eyni zamanda istehsal prosesinin bir hissəsinə çevrilir.

İstehsal edən tələbələr

Mebel emalatxanasında isə fərqli bir dinamika müşahidə olunurdu. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı burada səsləndirdiyi fikirlərlə bu modeli daha da aydınlaşdırdı:

180801

“Hazırda biz mebel sexindəyik. Tələbələrimiz real praktik olaraq həm öyrənirlər, həm də sifariş əsasında mebellərin istehsalını həyata keçiririk. Bu Elm və Təhsil Nazirliyinin sistemi daxilində ola bilir, kənar sifarişlər də ola bilir. Tələbələrimiz həm öyrənmiş olurlar, həm də müəssisə satdığı məhsuldan gəlir əldə etmiş olur. Bizim fikrimiz budur ki, bu məsələləri genişləndirmək lazımdır. Bu təhsil müəssisəsi üçün əlavə maliyyələşmə mənbəyi ola bilər”.

Mərkəzin direktoru Ramin Əmənov isə əlavə etdi:

180795

“Mebel sənayesində Cəlilabad çox inkişaf etdi. Tələbatlara uyğun ixtisaslar açılır”.

Bu yanaşma peşə təhsilinin artıq iqtisadi dəyər yaradan sistemə çevrildiyini göstərir.

Traktor sükanında gənc qızlar

İnfoturun ən yaddaqalan məqamı isə açıq sahədə baş verdi. Sahədə hərəkət edən traktorlar və onların sükanı arxasında əyləşən gənc qızlar diqqəti dərhal cəlb edirdi.

Bu səhnənin mərkəzində 19 yaşlı tələbə Alidə Hacıyeva dayanırdı. O, bu sahəyə necə gəldiyini belə izah edir:

180799

“Mənim 19 yaşım var. Rayonumuz əsasən əkinçiliklə məşğul olur və bu sahəyə marağım da buradan yaranıb. Buradakı avadanlıqları gördükdən sonra isə həvəsim daha da artdı və könüllü olaraq traktor sürməyi qərara aldım.

Ailəm də bu qərarımı dəstəklədi və arxamda durdu. Əslində ixtisasım veb-dizayn və proqram təminatıdır, sadəcə olaraq traktor sürməyə könüllü şəkildə qoşulmuşam. Düzünü desəm, sürmək o qədər də çətin deyil, mən bunu bir gün ərzində öyrəndim.

Əsas odur ki, insanın həvəsi olsun. Həvəs varsa, bacarıq da qazanılır. Daha əvvəl avtomobil idarə etmişəm, rayonumuzda da traktor sürmüşəm. Düşünürəm ki, Azərbaycan qadınının nələrə qadir olduğunu hər kəs görməlidir. Mən həm ixtisasım üzrə təhsilimi davam etdirirəm, həm də burada traktor sürürəm".

Bu sözlər yalnız bir tələbənin fikirləri deyil, eyni zamanda dəyişən cəmiyyətin göstəricisidir.

Əl işlərində gələcəyin modeli

Mərkəzdə nümayiş olunan tələbə işləri isə bu təhsilin nəticəsini açıq şəkildə ortaya qoyurdu. Xüsusilə “ağıllı kənd” maketi iştirakçıların diqqətini cəlb etdi. Günəş panelləri, suvarma sistemləri və planlaşdırılmış ərazi modeli müasir kənd konsepsiyasını əks etdirirdi.Bu layihələr göstərir ki, tələbələr yalnız öyrənmir, həm də düşünür, planlaşdırır və gələcəyin modellərini qururlar.

180802

İnfotur zamanı iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırıldı. Təhsil prosesi, ixtisas seçimi və gələcək imkanlarla bağlı müzakirələr infoturu daha interaktiv etdi.Bu müzakirələr bir daha göstərdi ki, peşə təhsili artıq cəmiyyətin diqqət mərkəzindədir və bu sahəyə maraq getdikcə artır.Cəlilabadda müşahidə olunan mənzərə bir daha sübut edir ki, peşə təhsili artıq köhnə çərçivələri aşır. Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi kimi mərkəzlərdə təhsil həyatın içində qurulur- torpaqda, texnikada, emalatxanada.

Burada gördüklərimiz sadə bir həqiqəti ortaya qoyur: peşə təhsili artıq alternativ deyil, məqsədli seçimdir. Traktor sükanında əyləşən gənc qızlar, fermada çalışan tələbələr, emalatxanada məhsul hazırlayan gənclər bunlar artıq gələcəyin deyil, bu günün reallığıdır.Cəlilabaddan gələn bu mesaj isə aydındır: gələcək artıq formalaşır.

180798

180800180803180794180804

Rusiyadan bu ölkələrə sərt xəbərdarlıq: VURACAĞIQ!
Son xəbərlərDaha çox