Keçdiyimiz günlərdə Əməkdar müəllim Almaz Əsgərova açıqlamasında bildirib ki, “Uşaq 3 yaşına qədər uşaq kimi qəbul olunur. 3 yaşından sonra isə onun düşüncəsi inkişaf etməyə başlayır, idraki dərk prosesi sürətlənir. Mən təklif edirəm ki, uşaq 3 yaşından etibarən təhsilə başlasın”. Həmçinin o qeyd edib ki, tamamilə yeni metodologiya hazırlanmalıdır: “Əzbərlətmək təhsil deyil. Məsələn, ‘5 səhifə nağılı öyrən, gəl mənə danış’ demək təhsil sayılmır”.
Məlumdur ki, hazırda uşaqlar əsasən 5 yaşından məktəbəqədər təhsilə cəlb olunur. Lakin bu məsələ ölkəmizdə birmənalı qarşılanmır. Uşaqların erkən yaşda yüklənməsi və digər məsələlər həmişə aktual mövzulardan olub. Həmçinin, təhsil sistemi yüksək qiymətləndirilən Finlandiya kimi ölkələrdə uşaqlar formal təhsilə 7 yaşında başlayır.
Maraqlıdır ki, 3 yaşından təhsilə başlamaq uşaqlar üçün nə dərəcədə uyğundur? Bunun hər hansı fəsadı ola bilərmi? Ümumiyyətlə, bu təklif nə qədər real görünür?
AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən "İlin gənc müəllimi" müsabiqəsini qalibi, ibtidai sinif müəllimi Təranə Nuriyeva qeyd edib ki, 3 yaşında uşaq üçün “öyrənmək” anlayışı kitab, tapşırıq və ya sistemli dərs deyil, ətraf mühitlə sərbəst ünsiyyətdir:
"Bu mövzu ətrafında səslənən fikirlər ilk baxışda “erkən inkişaf” ideyası kimi cəlbedici görünsə də, pedaqoji və psixoloji baxımdan məsələyə daha ehtiyatla yanaşmaq lazımdır. 3 yaşdan “təhsil”ə başlamaq ideyası uşağın inkişaf mərhələləri nəzərə alınmadan tətbiq olunduqda ciddi risklər yarada bilər və bu risklər təkcə təlim nəticələrinə deyil, uşağın ümumi şəxsiyyət formalaşmasına da təsir göstərə bilər.
İlk növbədə qeyd etmək lazımdır ki, 3 yaş erkən uşaqlıq dövrünün ən həssas mərhələlərindən biridir. Bu yaşda uşaq dünyanı oyun, hərəkət, təqlid və emosional əlaqələr vasitəsilə dərk edir. Onun üçün “öyrənmək” anlayışı kitab, tapşırıq və ya sistemli dərs deyil, ətraf mühitlə sərbəst ünsiyyətdir. Əgər bu mərhələdə uşaq formal təhsil sisteminə daxil edilərsə, onun təbii inkişaf ritmi pozular və bu, gələcəkdə həm öyrənməyə marağın azalmasına, həm də psixoloji yorğunluğa səbəb olar.
Pedaqogika tarixində klassik yanaşmalar da bu fikri dəstəkləyir. Uşinski uşağın yaş xüsusiyyətlərinin nəzərə alınmasını əsas prinsip kimi irəli sürərək bildirirdi ki, erkən yaşda əsas məqsəd bilik vermək deyil, uşağın təbii inkişafını qorumaqdır. Onun yanaşmasına görə, uşağa erkən yaşda sistemli tədris yükləmək onun təxəyyülünü və sərbəst düşünmə qabiliyyətini məhdudlaşdırır. Yəni uşaq “öyrənən subyekt” deyil, “inkişaf edən varlıq” kimi qəbul olunmalıdır".
3 yaşlı uşaq üçün “öyrənmək məcburiyyəti” stress yarada bilər:
"Viqotskinin nəzəriyyəsinə istinad etdikdə isə daha incə bir məqam ortaya çıxır. Doğrudur, Viqotski “yaxın inkişaf zonası” anlayışı ilə uşağın böyüklərin dəstəyi ilə daha yüksək səviyyədə fəaliyyət göstərə biləcəyini qeyd edirdi. Lakin bu o demək deyil ki, hər yaşda formal təhsil tətbiq olunmalıdır. Əksinə, Viqotski də inkişafın təbii mərhələlərini vurğulayırdı və erkən yaşda əsas fəaliyyət forması kimi oyunu qəbul edirdi. Əgər bu balans pozularsa, uşağın daxili motivasiyası deyil, xarici məcburiyyət ön plana çıxar.
Erkən təhsilin mənfi tərəflərindən biri də uşağın emosional yük altında qalmasıdır. 3 yaşlı uşaq üçün “öyrənmək məcburiyyəti” stress yarada bilər. Oyun yerinə tapşırıq, sərbəst hərəkət yerinə oturaq fəaliyyətlər verildikdə, uşaqda öyrənməyə qarşı mənfi münasibət formalaşa bilər. Bu isə gələcək təhsil həyatında “yorğun şagird sindromu”, maraqsızlıq və passivlik kimi problemlərə yol açır".
Təhsilin erkən başlaması həmişə üstün nəticə vermir:
"Digər mühüm məsələ sosial və emosional inkişafın zədələnməsi riskidir. Erkən yaşda uşağın əsas ehtiyacı bilik deyil, təhlükəsiz emosional mühit, valideynlə güclü bağ və sərbəst oyunlardır. Əgər bu mərhələdə uşaq “təhsil proqramı”na salınarsa, onun yaradıcı oyun fəaliyyəti azalır, sosial bacarıqları isə məhdud çərçivədə formalaşır.
Beynəlxalq təcrübə də göstərir ki, təhsilin erkən başlaması həmişə üstün nəticə vermir. Məsələn, Finlandiya kimi ölkələrdə formal məktəb təhsili 7 yaşdan başlayır və bu, təsadüfi seçim deyil. Bu sistemdə erkən uşaqlıq dövrü “oyun və emosional inkişaf mərhələsi” kimi qəbul olunur. Nəticədə uşaqlar məktəbə daha motivasiyalı, psixoloji baxımdan hazır və öyrənməyə açıq şəkildə gəlirlər. Bu isə onu göstərir ki, erkən təzyiq deyil, doğru zamanlama daha effektiv nəticə verir.
Ümumilikdə 3 yaşdan formal təhsil ideyası, əgər düzgün metodoloji əsas olmadan tətbiq edilərsə, uşağın təbii inkişafına zidd olar. Bu, öyrənmə prosesini asanlaşdırmaq əvəzinə çətinləşdirə, uşağın yaradıcı potensialını isə məhdudlaşdırar. Ən böyük risk isə odur ki, uşaq təhsili sevən deyil, ondan qaçan bir şəxsiyyət kimi formalaşa bilər.
Ona görə də bu məsələyə daha çox “erkən təhsil” kimi yox, “erkən inkişafın düzgün təşkili” kimi yanaşmaq daha doğru olardı. Təhsil nə qədər erkən başlanırsa, bir o qədər uşağın təbii ritminə uyğun, oyun əsaslı və psixoloji baxımdan təhlükəsiz olmalıdır. Əks halda, yaxşı niyyətlə atılan addım gələcəkdə gözlənilməyən fəsadlara səbəb olar".