Universitetimizin məzunları bu gün BP, SOCAR, LUKOIL və Petronas kimi iri beynəlxalq neft-qaz şirkətlərində rəhbər və mühəndis vəzifələrində çalışırlar, həm ölkədə, həm də xaricdə yüksək ixtisaslı mühəndislər kimi tanınırlar.
AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizov Respublika Fənn Olimpiadalarının (RFO) qaliblərinin mükafatlandırılma mərasimində qeyd edib.
Rektor qeyd edib ki, ADNSU Azərbaycanda mühəndislik məktəbinin formalaşmasında mühüm rol oynayıb və hazırda beynəlxalq reytinqlərdə regionun aparıcı mühəndislik universitetləri sırasında yer alır. Onun sözlərinə görə, universitet neft-qaz mühəndisliyi üzrə dünyada birinci, kompüter elmləri üzrə isə 451-ci yerdə qərarlaşıb ki, bu da ölkə üzrə birinci göstərici hesab olunur.
R.Əzizov həmçinin ADNSU-da regionun ən böyük mineralogiya muzeyinin fəaliyyət göstərdiyini, burada 6 mindən çox mineral nümunəsinin saxlanıldığını diqqətə çatdırıb.
O əlavə edib ki, universitet bu ildən etibarən mühəndislik ixtisasları ilə yanaşı riyaziyyat, kimya, fizika və informasiya texnologiyaları üzrə bakalavr proqramlarına da qəbul həyata keçirəcək. Bu addımın məqsədi ADNSU-nun tədqiqat universitetinə çevrilməsi və elmin mühəndislik inkişafı üçün əsas baza rolunu gücləndirməsidir.