Özbəkistanın Urgənc Dövlət Pedaqoji Universitetində “İbtidai təhsildə rəqəmsal təhsil mühitinin yaradılması üçün nəzəri və praktiki həllər: Türk dövlətlərinin təcrübəsi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfrans türk dövlətləri arasında təhsil sahəsində əməkdaşlığın daha da gücləndirilməsi, ibtidai təhsildə rəqəmsal təhsil mühitinin formalaşdırılması istiqamətində mövcud təcrübələrin öyrənilməsi və paylaşılması, innovativ yanaşmaların müzakirəsi, eləcə də müasir təhsil modellərinin inkişafına elmi və praktik dəstəyin göstərilməsi məqsədi daşıyıb.
AzEdu.az xəbər verir ki, tədbirdə Özbəkistan, Azərbaycan, Türkiyə, Qırğızıstan, Tacikistan, Rusiya və digər ölkələrdən alimlər, müəllimlər, tədqiqatçılar, pedaqoqlar və təhsil mütəxəssisləri iştirak ediblər. Konfransda ibtidai təhsildə rəqəmsal transformasiya, təhsil prosesində müasir texnologiyaların tətbiqi, şagirdyönümlü öyrənmə mühitinin yaradılması, müəllimlərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi və türk dövlətlərinin təhsil sistemlərində bu sahədə mövcud təcrübələrin müqayisəli təhlili ətrafında geniş fikir mübadiləsi aparılıb.
Konfransın açılış mərasimində çıxış edən B.Mikayıllı Azərbaycan-Özbəkistan təhsil əlaqələrinin tarixi inkişaf yolu, iki ölkə arasında elm və təhsil sahəsində formalaşmış dostluq və əməkdaşlıq ənənələri, müasir mərhələdə genişlənən tərəfdaşlıq imkanları barədə məlumat verilib. Qeyd olunub ki, son illərdə Azərbaycan və Özbəkistan arasında təhsil, elm, mədəniyyət və humanitar sahələrdə əlaqələr daha da intensivləşmiş, bu əməkdaşlıq türk dövlətləri arasında inteqrasiya proseslərinə mühüm töhfə vermişdir. Çıxışda xüsusi minnətdarlıqla bildirilib ki,
Ermənistan işğalından azad edilmiş Füzuli rayonunda Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə özbək xalqı adından Azərbaycan xalqına hədiyyə olaraq 960 şagird yerlik məktəb binası inşa edilmişdir. Bu fakt Azərbaycan və Özbəkistan xalqları arasında dostluq, qardaşlıq münasibətlərinin, eyni zamanda təhsil sahəsində əməkdaşlığın parlaq nümunəsi kimi konfrans iştirakçılarının diqqətinə çatdırılıb. Bildirilib ki, həmin məktəb iki qardaş xalq arasında mənəvi bağlılığın, həmrəyliyin və gələcəyə yönəlmiş ortaq baxışın rəmzidir.
Konfransın diqqətçəkən xüsusiyyətlərindən biri iştirakçıların məruzələrini öz ana dillərində təqdim etmələri olub. Konfransda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalının baş redaktoru vəzifəsini icra edən, təhsil tədqiqatçısı Böyükağa Mikayıllının ADA ibtidai məktəbinin Azərbaycan dili müəllimi Ülviyyə Nağıyeva ilə ilə birgə hazırladıqları “Məktəbəqədər təhsildə rəqəmsal və təbiətyönümlü öyrənmənin müqayisəli təhlili: beynəlxalq təcrübə və türk dövlətlərinin təhsil sistemlərində tətbiq perspektivləri” mövzusunda araşdırmaları təqdim olunub.