Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-14 14:44:11
Bloger astronomiya fənninin məktəblərə qaytarılmasını istədi – MÜRACİƏT    

Gənc bloger,  “Yaşıl Elm” Portalının Redaktoru Taryel Abdullayev Azərbaycanda astronomiya fənninin tədrisdən çıxarılması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib. 

AzEdu.az Modern.az-a istinadən məlumat verir ki, müraciətdə deyilir: 

“Hörmətli Cənab Prezident! Sizə müraciətim Nazirlər Kabinetinin 3 iyun 2010-cu il tarixli 103 nömrəli qərarı ilə bağlıdır. Bu təsdiq edilmiş qərara əsasən, “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” sənədində astronomiya ayrıca fənn kimi tədris fənlərinin sırasından çıxarılmışdı. 

Cənab Prezident, ali məktəb tələbələri arasında apardığım sorğulardan sonra məlum oldu ki, tələbələrimizin əksəriyyəti Yerin Günəş ətrafında deyil, Günəşin Yer ətrafında fırlandığını, planetlə ulduzların hansı xüsusiyyətlərə görə təsnif edildiyini, Günəş sisteminə daxil olan planetləri ardıcıl şəkildə saymağı və hər bir müasir insanın mütləq bilməli olduğu digər məsələlərdən xəbərsizdirlər. Biz dövlət olaraq öz milli peykimizi orbitə çıxarmış, bununla “kosmik klub”a üzv olmuşuq. Bu gün yaşadığımız kosmos əsrində sstronomiyanı geniş bir şəkildə öyrənmək üçün fənn kimi tədris edilməsinə ciddi ehtiyacımız var. Astronomiya və onun istiqamətlərindən biri olan astrofizika yaxın gələcəyin elmidir. Qarşıdakı illərdə ən vacib kəşflərin məhz kainatı öyrənən elmlərin sahəsində ediləcəyi gözlənilir. 

Biz Azərbaycan xalqı olaraq mütləq kainatı öyrənən mütəxəssislərimizi yetişdirməli, bu sahədə bəşəriyyətdən geri qalmamalıyıq. Bunun üçün də, astronomiyanın ayrıca fənn kimi tədris fənlərinin sırasına daxil edilməsi lazımdır ki, şagirdlər bu maraqlı və vacib elmin nə olduğunu vaxtında öyrənsinlər. Cənab Prezident, astronomiyanın ayrıca fənn kimi məktəb proqramına daxil edilməsi üçün göstəriş verməyinizi sizdən xahiş edirəm”.