https://www.zirve.edu.az/
08.01.2019 16:54
Başqırdıstan baş nazirinin müavini olan Azərbaycan alimi – Kremldəki  səlahiyyətli  nümayəndə...  

AzEdu.az dünyanın müxtəlif yerlərində çalışan və bir çox elmi uğurlara imza atan alimlərimizlə bağlı silsilə yazıları davam etdirir.

Bu dəfə də Rusiyada fəaliyyət göstərən və maraqlı karyera yolu olan bir alim haqqında məlumatı təqdim edəcəyik

Səmədov Fərhad Astan oğlu 23 aprel 1959-cu il tarixində Gürcüstanın Qardabani rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra o, Moskvada Tikinti Mühəndislər İnstitutuna qəbul olunub. Ali təhsilini tamamlayaraq, doğma Azərbaycana qayıdıb. 

1982-1985- ci illərdə AR Sənaye Nazirliyinin nəzdindəki müəssisələrdən birində mühəndis və baş mühəndis vəzifələrində işləyib. 1985-ci ildə isə SSRİ Tikinti Nazirliyinin Kurçenko adına Tikinti Konstruksiyası İnstitutunda aspiranturaya qəbul olunan gənc mühəndis, dissertasiyanı uğurla müdafiə edərək elmlər namizədi alimlik dərəcəsini qazanır və yenicə yaradılan “Eksimer” Elmi-istehsalat müəssisəində işləməyə başlayır.

1994-1998-ci illərdə müəssisədə baş direktorunun müavini vəzifəsində çalışır. Məsuliyyətli işi, savadı və təşkilatçılığı diqqətdən yayınmır. 2003-cü ildə soydaşımız Başqırdıstanın iri müəssisələri olan Strelitamak “Kaustik” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktorunun maliyyə işləri üzrə müavini vəzifəsinə təyin olunur. Gənc və enerjili mütəxəssis eyni vaxtda həm də “Soda” ASC-yə rəhbərlik edir. 

Həmin dövrdə Rusiyada başlayan iqtisadi böhran bir çox digər müəssisələr kimi “Kaustik” MMC-ni də bağlanmaq təhlükəsiylə üz-üzə qoymuşdu. Müəssisənin böhrandan minimal itikiylə çıxa bilməsi üçün optimal variantın güclü liderdə olduğunu yaxşı anlayan Başqırdıstan rəhbərliyi Fərhad Səmədovu baş direktor vəzifəsinə təyin edir. Məhz, yeni rəhbərin məqsədyönlü fəaliyyəti sayəsində bağlanmaq təhlükəsi “Kaustik”dən yan keçdi. Soydaşımız bu uğuruna görə 2004-cü ildə Strasburqda keçirilən Beynəlxalq Biznes forumda “Professional” mükafatı ilə təltif olunmuşdu. 

Fəaliyyəti həmişə respublika rəhbərliyinin diqqət mərkəzində olan Fərhad Səmədov 2016-cı ilin yanvarında Rusiya Federasiyası Başqırdıstan Respublikası Prezidentinin fərmanı ilə Baş nazirin müavini təyin olunub.  Azərbaycanlı alim Başqırdıstan Respublikasının sənaye, innovasiya proseslərinə, informasiya texnologiyalarına nəzarət edir. 

Bir müddət öncə isə...

Bir müddət öncə isə  Başqırdıstan respublikasının başçısı Rüstəm Hamitov yerli hökumətin vitse-premyeri Fərhad Səmədovu Kremldə səlahiyyətli  nümayəndə  təyin edir.

Virtualaz.org saytında ötən ilin iyulunda bu barədə yazılan xəbər maraqla qarşılandı:

Rüstəm Hamitovun sərəncamına əsasən azərbaycanlı Fərhad Səmədov Başqırdıstan respublikasının Rusiya Federasiyası prezidenti yanında səlahiyyətli nümayəndəsi təyin edilir. Bu haqda Başqırdıstan rəhbərinin mətbuat xidməti məlumat yayıb”.