Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-08 12:50:00
Təhsil naziri yeni fəaliyyətə başlayan gənc müəllimlərlə görüşb

Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrinə işə qəbul üçün 24 oktyabr 2018-ci il tarixdə elan edilmiş müsabiqənin test imtahanları sona çatıb.

AzEdu.az xəbər verir ki, yanvarın 7-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən imtahanlarda müvafiq keçid balını toplayaraq işə qəbul edilən gənc kadrlarla görüş keçirilib. 

Tədbiri giriş sözü ilə açan təhsil naziri Rəhman Məmmədov bildirib ki, muxtar respublikada təhsil hərtərəfli diqqət və qayğı ilə əhatə olunub. Digər mühüm məsələlərlə yanaşı, yüksək səviyyəli pedaqoji kadr hazırlığı məsələsi də diqqətdə saxlanılıb. Hazırda muxtar respublikanın ümumtəhsil məktəblərində 49 min 224 şagirdin təhsili ilə 6642 müəllim məşğul olur. Onlardan 44-ü yeni tədris ili ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən müsabiqədə yüksək nəticə göstərərək işlə təmin olunub. Hazırda rayon mərkəzindən uzaq məsafədə yerləşən kənd məktəblərində fəaliyyət göstərən 81 müəllimə həvəsləndirmə tədbirləri tətbiq edilib.

Təhsil naziri qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamı ilə ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların aid nazirlik, komitə və təşkilatlara hamiliyə verilməsi ixtisaslı kadrların hazırlanmasına geniş imkanlar açıb.

Təhsil Nazirliyi də pedaqoji ixtisaslarda oxuyan tələbələrin ixtisaslı kadr kimi formalaşmasını, onların işlə təmin olunmasını diqqətdə saxlayır. Pedaqoji kadrların işlə təmin olunması məqsədilə 24 oktyabr 2018-ci il tarixdə elan edilmiş müsabiqəyə 252 vakant iş yeri çıxarılıb. Həmin yerləri tutmaq üçün 240 müraciət olub.

17-29 dekabr 2018-ci il tarixlərdə keçirilmiş imtahanlarda ən yüksək bal toplayan 75 gənc kadrın işə qəbulu nəzərdə tutulur. Onlardan 21-i stimullaşdırıcı tədbirlərin tətbiq olunduğu məktəbləri, 54-ü isə digər ümumtəhsil məktəblərini seçiblər. Stimullaşdırıcı tədbirlərin tətbiq olunduğu məktəbləri seçən gənclərin 3 nəfərinin yaşayış yeri Naxçıvan şəhəridir. 
Sonra təhsil naziri yeni fəaliyyətə başlayan gənc kadrları təbrik edərək onlara şərəfli müəllim peşəsində uğurlar arzulayıb və əmin olduğunu bildirib ki, onlar göstərilən dövlət qayğısına cavab olaraq hərtərəfli biliyə, geniş dünyagörüşünə yiyələnən, xalqını və Vətənini sevən nəslin yetişdirilməsində səy göstərəcək, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər. 
Sonra gənc müəllimlər adından çıxış edən Gözəl Rəhimova göstərilən qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edib.

Tədbirdə iştirak edən gənc müəllimlərə Təhsil Nazirliyi tərəfindən metodik vəsaitlər təqdim olunub.

Qeyd edək ki, həmin gün gənc müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə 3 günlük təlim-seminarına start verilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının Ümumtəhsil məktəbləri və liseylərlə iş üzrə şöbəsinin müdiri Abdulla Əsgərov tərəfindən aparılacaq seminarda müəllim peşəsinin xüsusiyyətləri, müəllimlərin etik davranış qaydaları, fənnin tədrisi və məktəb sənədlərinin işlənməsi üsulları, məktəbdaxili qiymətləndirmənin aparılması qaydası, sinif rəhbərinin vəzifələri, pedaqoji şuranın strukturu və hesabatın hazırlanması qaydası, elektron tədris vasitələrindən səmərəli istifadə yolları haqqında məlumat veriləcəkdir. 

Gənc müəllimlər yanvarın 10-dan etibarən ümumtəhsil məktəblərində pedaqoji fəaliyyətə başlayacaqlar.