Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-30 08:58:40
“Davamiyyət zəifləyib, amma yenə dərs keçirik” – “Küləklə sovrulanlar”

Dünən Təhsil Nazirliyindən küləkli hava şəraiti ilə bağlı şagirlər və onların valideynlərinə, həmçinin, tələbələrə xəbərdarlıq edilib. Xəbərdarlıqda nazirlik hava şəraiti ilə əlaqədar olaraq valideynləri diqqətli olmağa çağırıb. Müraciətdən sonra şagirdlərin dərsdə iştirakı sual altındadır.

AzEdu.az Bakı şəhər məktəbləri ilə əlaqə saxlayaraq şagirdlərin bugünkü davamiyyətini araşdırıb.

Bakı şəhər 1 saylı tam orta məktəbin nümayəndəsi uşaqların dərsə gəldiyini bildirib: “Biz də bu gün dərsə gələn kimi ilk olaraq buna fikir verdik. Davamiyyət tam olmasa da, 80% var”.

Bibiheybət qəsəbəsi 50 saylı tam orta məktəbin tədris işləri üzrə direktor müavini Şəfəq İslamova isə şagirdlərin bugünkü davamiyyətində fərq hiss olunduğunu bildirib: “Uşaqların davamiyyətində bir qədər fərq var. Həmişə davamiyyət yaxşı olur, 1 və ya 2 nəfər dərsə gəlmirdi. Bu gün isə bir sinifdə 4, 5 nəfər dərsdə iştirak etmir. Hətta bu gün hava şəraiti ilə əlaqədar 7 şagirdin dərsə gəlmədiyi sinif də var. Bu hal daha çox ibtidai siniflərdə müşahidə olunur”.

Əhmədli qəsəbəsi 48 saylı orta məktəbin nümayəndəsi Kazımova Gülşən isə şagirdlərin davamiyyətində heç bir dəyişiklik hiss olunmadığını, vəziyyət həmişəki kimi olduğunu bildirib”.

Yeni Suraxanı qəsəbəsi 101 saylı orta məktəbin nümayəndəsi Nabat Mirzəyeva davamiyyətdə heç bir problemin olmadığını, təəccüblü də olsa, şagirdlərin hamısının dərsdə iştirak etdiyini qeyd edib.

3 saylı orta məktəbin nümayəndəsi Pakizə Əsədova da davamiyyətin yaxşı olduğunu, bütün şagirdlərin dərsə gəldiyini bildirib: “ Bununla bağlı elan vurub, xəbərdarlıq da etmişik”.

52 nömrəli tam orta məktəbin Uşaq Birliyinin rəhbəri Tofiqə Məcidova isə digərlərindən fərqli olaraq davamiyyətdə fərq hiss olunduğunu deyib: “Davamiyyət həmişəki kimi deyil, amma yenə də dərs keçirilir. Həmişə bir sinifdən 1-2 uşaq məktəbə gəlmirdisə, bu gün 6-7 nəfər dərsdə iştirak etmir. Bu hal isə daha çox ibtidai siniflərdə müşahidə olunur.
Bizim məktəbdə təhsil birnövbəlidir, şagirdləri valideynləri gətirib-aparırlar. Məlumat vermişik ki, uşaqlar çölə çıxmasın. Pəncərələr hamısı bağlanıb. Təhlükəsizliklə bağlı tədbirlər görülüb. Heç bir problem yoxdur. Dərsimizə həmişəki qaydada davam edirik”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları