https://www.zirve.edu.az/
05.01.2019 09:32
ABŞ-da təhsil almaq istəyənlərin nəzərinə: FLEX-ə QƏBUL QAYDALARI

FLEX   yuxarı sinif şagirdləri üçün nəzərdə tutulan  ilk uzunmüddətli ABŞ-da təhsil proqramıdır. Bu proqram keçmiş Sovet İttifaqı ölkələrində yaşayanlara  Amerika xalqının  dostluq əlini uzatmaq məqsədi ilə Konqres tərəfindən təsdiq edilib. FLEX yuxarı sinif şagirdləri üçün ABŞ-da bir il yaşamaqla, ilk genişmiqyaslı mübadilə proqramı kimi yaradılıb.

AzEdu.az FLEX haqda ətraflı məlumatı təqdim edir:

Mövcud olduğu 24 il ərzində FLEX proqramı 24.000 nəfərdən artıq yuxarı sinif şagirdlərinə təqaüd təqdim edib. 900 nəfərdən çox azərbaycanlı şagirdi bu proqram vasitəsilə  ABŞ-da təhsil alıb. Təqaüd əldə edən hər bir şagird bir il müddətində ABŞ-da ailədə yaşayaraq, orta məktəblərin birində təhsil alır.

Fiziki məhdudiyyətli şagirdlər də müsabiqədə iştirak etməyə dəvət olunurlar. Hər il təxminən, 10-15 fiziki məhdudiyyətli yuxarı sinif şagirdi FLEX proqramın çərçivəsində ABŞ-da yaşayır və təhsil alır. Onlar da müsabiqəni ümumi əsaslarla keçirlər.

FLEX (Future leaders’ exchange- Gələcəyin liderlərinin  mübadiləsi) 10 ay yəni bir təhsil ili üçün nəzərdə tutan proqramdır.

FLEX proqramında iştirakın faydaları

FLEX proqramı şagirdlərə ABŞ xalqı və mədəniyyəti ilə tanış olmaq və həmçinin başqalarını öz ölkələri və mədəniyyətləri ilə tanış etmək imkanı yaradır. Şagirdlər digər mədəniyyəti qiymətləndirməyi və anlamağı öyrənib, 2 ölkə arasında əlaqələri inkişaf etdirməyə çalışırlar.  Onların bu fəaliyyəti ABŞ-la hər hansı ölkənin  bir- birini daha yaxşı tanımasına, ölkələrin mədəniyyətini, adət-ənənələrini, həyata baxışını öyrənməyə kömək edir.

Mübadilə həm Amerika cəmiyyəti, həm də Azərbaycan cəmiyyəti üçün gələcəkdə də faydalı olacaq. Azərbaycandan gələn tələbələr FLEX proqramının təqaüdçüləri, “gənc elçilər” ABŞ-da öz mədəniyyətlərini başqaları ilə bölüşməklə bərabər, vətənlərinə qayıtdıqdan sonra ətradakıları da amerika mədəniyyətinin bəzi tərəfləri ilə tanış edəcəklər.

FLEX programı tamamilə pulsuzdur və Amerikadakı müxtəlif təşkilatlar və sizi qəbul edən ailələr tərəfindən maliyyələşdirilir. Yəni iştirakçıların, bütün uçuş biletləri, viza və sığortaları, həmçinin aylıq təxminən 100-150 dollar təqaüdləri həmin bu proqramlar tərəfindən ödənilir. Həmin il ərzində siz könüllü, yəni heç bir ödəniş almadan sizi qəbul etmiş bir ailədə ailənin bir üzvü kimi yaşayırsınız. Yemək və ev xərcləriniz də onlar tərəfindən qarşılanır. Məktəb isə, ailənin və sizi qəbul edən təşkilatın yaxınlığındakı bir məktəb seçilir. İştirakçılar onları qəbul edən təşkilat, ailə və ya ştatı seçmək şansı əldə etmir. Ödədiyiniz yeganə məbləğ seçildiyiniz təqdirdə xarici pasport almaq üçün ödəyəcəyiniz dövlət rüsumu olacaq

Programda qeyd olunan kriteriyalara cavab verən şəxslər iştirak edə bilərlər

1.15-17 yaşında olmalı;

2.Müsabiqə keçirilən zaman orta məktəbdə 9, 10, 11-ci sinif  şagirdi olmalı;

3.İngilis dilini bilməli  (namizədlər müsabiqə keçirilən an üçün ingilis dili biliklərini nümayiş etməlidirlər)

4.Amerika vizalarının verilməsi tələblərinə uyğun olmalı;

5.Azərbaycan vətandaşı olmalı və beynəlxalq pasport almaq imkanına malik olmalıdırlar.

FLEX imtahanının mərhələləri

FLEX imtahanı 3 turdan ibarət olur. İmtahanın I mərhələsi əsasən, 15 sentyabrla- 15 oktyabr arasındakı bir tarixdə (yaşadığınız şəhərdən asılı olaraq) keçirilir. Birinci tur üçün sizə lazım olan sadəcə olaraq, şəxsiyyət vəsiqəsi və ya metrika-nın kopyası və əsli, 3X4-ə şəkil və bir də qələminizi götürərək sizə ən yaxın olan imtahan məntəqəsinə getməkdir. Qeydiyyat elə imtahan günü aparılır və siz imtahana buraxılırsınız. Birinci turda ingilis dilindən 15 test tapşırığı verilir və 15 dəqiqə vaxt ayrılır. Suallar sadə ingilis dili bilikləri olanlar üçün asan hesab olunur. Bu mərhələnin cavabları, adətən, ya həmin gün, ya da 1 gün sonra açıqlanır və siz II tura dəvət olunursunuz.

II tur çox vaxt I turdan sonrakı 1 ay ərzində keçirilir və bu tur üçün şəxsiyyət vəsiqənizlə imtahana buraxılırsınız. Bu turda siz əvvəlcə Dinləmə (Listening) -dən imtahan verirsiniz. Yəni oturduğunuz otağa maqnitofonla müxtəlif dialoqlar və ya hekayələr qoyulur və siz onların cavablarını cavab kartında işarələyirsiniz. Bundan sonra isə ingilis dilində inşa yazmağınız tələb olunur. İnşa suallarını siz seçmirsiniz. II turun nəticələri də 1 ay ərzində məlum olur və III tur üçün şans qazanırsınız.

III tur da II turdan sonrakı 1-2 ay ərzində keçirilir. Burada sizdən müsahibə alınır və yenə də inşa yazmağınız tələb olunur. İmtahan iştirakçıları inşa suallarının çox asan olduğunu vurğulayırlar. Bu mərhələdə iştirakçıya evdə və məktəbdə ailə və müəllimlərinizə doldurmaq üçün formalar (sənədlər) verilir.

III turun cavabları  təxminən 4-5 ay ərzində, yəni mart-aprel aylarında açıqların və siz seçilsəniz də, seçilməsəniz də zəng edib bu haqda məlumat verilir. Bu zaman 3- haldan biri baş verə bilər:

ya tamamilə seçilməmisiniz,

ya seçilmisiniz və artıq programla 1 il ərzində Amerikada təhsil şansı qazanmısınız,

Ya da alternativ olmusunuz. Yəni, əgər seçilmiş finalistlərdən hansısa biri imtina edər və müəyyən səbəblərə görə iştirak edə bilməzsə, demək ki, onun yerinə siz gedəcəksiniz.

Qəbul olan bütün şəxslərin sənədlərinin qaydaya salınmasında Amerika səfirliyi köməkçi olur.

Qeyd edək ki, Məktəblilər üçün olan bu proqram ABŞ höküməti tərəfindən maliyyələşdirilir, təşkilati dəstək isə ABŞ dövlət departamentinin Təhsil və Mədəniyyət proqramları şöbəsi tərəfindən həyata keçirilir. Təhsil-Mədəniyyət məsələləri üzrə departament Amerikada və ondan xaricdə beynəlxalq təhsil və treyninq proqramları vasitəsi ilə mülki vətəndaşlar və təşkilatlar arasında şəxsi, işgüzar və təşkilati əlaqələr yaratmaqla həmçinin xarici ölkələrin auditoriyasında ABŞ-ın tarixini, cəmiyyətini, mədəniyyətini bütün özəlliyi ilə çatdıraraq, ABŞvə digər xalqlar arasında qarşılıqlı anlaşma yaratmağa çalışır.

Yerli səviyyədə isə proqramı təmənnasız və könüllü şagirdləri qəbul edən, ailələrdə yerləşdirən məktəblərdə təhsil almalarına imkan yaradan ABŞ vətəndaşları və orta məktəblər dəstəkləyirlər.

FLEX proqramı haqda ətraflı məlumatla aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://exchanges.state.gov/non-us/program/future-leaders-exchange