Son illərdə aparılan tədqiqatlar “Asgard archaea” adlı mikrobların eukariot hüceyrələrin mənşəyi ilə sıx əlaqəli olduğunu göstərir.
AzEdu.az “Science Daily” saytına istinadla xəbər verir ki, 2015-ci ildə dərin dəniz çöküntülərində aşkarlanan bu arxeal qrupu eukariotlarla arxeya arasında itkin halqa hesab edilir. ETH Zurich professoru Martin Pilhofer və komandası “Asgard archaea”nın hüceyrə quruluşunu tədqiq edərək onların eukariotlara xas bəzi strukturlara malik olduğunu müəyyənləşdiriblər. Xüsusilə, “Lokiarchaeum ossiferum” adlı növdə eukariotların əsas hüceyrə skeleti olan aktin filamentlərinə bənzər zülallar aşkarlanıb. Son tədqiqatlar bu mikroblarda mikrotubullara bənzər strukturların da mövcud olduğunu göstərib.
Alimlər hesab edirlər ki, bu hüceyrə skeleti təkamüldə mühüm rol oynaya bilər. “Asgard archaea”nın bakteriya ilə qarşılıqlı əlaqəyə girməsi və onu udması nəticəsində mitoxondrinin mənşəyi izah edilə bilər. Bu proses zamanla eukariot hüceyrələrin formalaşmasına gətirib çıxara bilərdi. Tədqiqatçılar indi bu mikrobların hüceyrə skeletinin funksiyasını daha dərindən öyrənməyi və “Asgard archaea”nın eukariotlarla əlaqəsini daha dəqiq anlamağı hədəfləyirlər. Bu istiqamətdə aparılan araşdırmalar həyatın mənşəyini izah etməkdə mühüm irəliləyiş ola bilər.