XƏBƏRLƏR

14.02.2020 10:12
 BP şirkəti qalib şagirdlərin maliyyə xərclərini üzərinə götürdü-“Sabahın alimləri”

 

“Elm, təhsil sahəsinə dəstək verməyimizin bir sıra səbəbləri var. Ən mühüm odur ki, biz ölkədə böyük neft-qaz layihələrini həyata keçirən şirkətik.  Azərbaycanın ən etibarlı, uzunmüddətli xarici tərəfdaşıyıq. Buna görə də ölkədə təhsilin inkişafı, bu sahədə beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi və belə layihələrin həyata keçirilməsini sosial sərmayəmizin ən mühüm istiqaməti kimi seçmişik”.

AzEdu.az xəbər verir ki, bu fikirləri  BP şirkətinin nümayəndəsi Tamam Bayatlı “Sabahın alimləri” IX Respublika Müsabiqəsinin bağlanış mərasimində çıxışı zamanı deyib. O qeyd edib ki, uzun  illərdir, BP şirkəti  təhsilin inkişafı istiqamətində  Təhsil Nazirliyi ilə birgə bir çox layihələr həyata keçirib.

 

“Biz təhsil dedikdə, sadəcə,  bu cür müsabiqələr, məktəbəqədər müəssisələrdə təlim-tərbiyə, bu sahədə mütəxəssislərin yetişdirilməsi, inkişafı, orta məktəblərdə kurikulumların yazılması, yeni laboratoriyaların qurulması, müəllimlərin ixtisaslarının artırılması, ali məktəblərlə yaxından əməkdaşlığı nəzərdə tutmuruq. Ali təhsil müəsissələrindən  Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Bakı Ali Neft Məktəbi (BANM), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC),  Azərbaycan  Texniki Universiteti (AzTU), Bakı Mühəndislik Universiteti (BMU) ilə birgə həyata keçirdiyimiz böyük miqyaslı layihələr var.  Bu layihələrə beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, dünyanın aparıcı universitetlərinin dərsliklərinin Azərbaycan dilinə tərcümə olunaraq adı çəkilən ali təhsil müəssisələrinin müvafiq ixtisaslar üzrə fakültələrinə təqdim olunması, Corc Vaşinqton Universiteti kimi beynəlxalq sertifikatlarının Azərbaycana gətirilməsi və s. daxildir. Biz hazırda “ADA” Universiteti ilə beynəlxalq magistr proqramı üzərində işləyirik. Çünki biz həmin universitetə dünya səviyyəli mərkəz bağışlamışıq və istəyirik müvafiq  magistr dərəcəsi olan namizədlər həmin mərkəzi işlətsinlər”.

BP-nin nümayəndəsi həmçinin gələcək hədəflərindən və onlara nail olmaqda təhsilin rolundan danışıb:

“Qeyd etdiyim kimi sadaladığımız təhsil layihələri bizim əsas istiqamətimizdir. Çünki enerji istehsalı sahəsinin inkişafı təhsilin inkişafı ilə düz mütənasibdir. Təhsil nə qədər inkişaf edərsə, biznesimiz, enerji istehsalı sənayemiz də bir o qədər uğurlu olar. Biz 2050-ci ilə qədər öz işlərimiz nəticəsində yaranan karbonun miqdarını sıfıra endirməyi hədəf qoymuşuq. Bunu etmək üçün elmin, texnikanın,  təhsilin, xüsusilə, mühəndisliyin inkişafına arxalanırıq.

 Biz yalnız bunun sayəsində hədəfimizə çata bilərik. Bu hədəf isə insanlarımız və planetimiz üçündür. Enerji sahəsində karbonun miqdarını azaldılması dünyanın qarşısında duran ən mühüm problemdir. Bir şirkət olaraq artıq bunun həllinə qoşulmuşuq, yəni öhdəlik götürmüşük. Bu öndəliyin yerinə yetirilməsində sabahın alimlərinə, texnologiyanın tərəqqisinə, mühəndisliyin inkişafına arxalanırıq. Başqa cür təmiz enerji hasilatı mümkün deyil. Buna görə də biz belə müsabiqələrdə iştirak edirik, fəxr edirik ki, belə bacarıqlı, talantlı, bilikli, Azərbaycan elmini, iqtisadiyyatını irəli aparmağa hədəfli olan gənclər ordusu ilə birlikdəyik”.

T.Bayatlı çıxışının sonunda qalibləri təbrik edib, şirkət  adından birinci yerə layiq görülən  sabahın alimlərinə hədiyyələr bağışlayıb:

“ Həmçinin onu da qeyd edim ki,  birinci yeri tutan gənclərin arasından ABŞ-ın İESF müsabiqəsində iştirak etmək üçün vəsiqə qazanan gənclərin maliyyə xərclərini öz öhdəmizə götürmüşük. Bu bizim üçün bir imkandır və bu imkandan istifadə edirik”.