XƏBƏRLƏR

29.01.2020 16:20
Təhsil Nazirliyi 20 məsul şəxs barəsində intizam tənbehi tətbiq edib, bir nəfər işdən azad olunub

2019-cu ildə Təhsil Nazirliyinin xüsusi hallarla bağlı 146-2 “Qaynar xətt” xidmətinə 154 müraciət daxil olub.

Azedu.az-ın məlumatına görə, Bakı şəhəri də daxil olmaqla, 5 şəhər və 31 rayon ümumi təhsil müəssisəsindən daxil olan müraciətlər şagirdlər arasında qısnama (bulinq) halları və ya şagird-müəllim arasında yaranmış münaqişə vəziyyətləri ilə bağlıdır.

Təhsil Nazirliyinin tapşırığına əsasən, müraciətlər şagirdlərin, onların valideynlərinin və müəllimlərinin iştirakı ilə yerində dərhal araşdırılıb. Araşdırma nəticəsində təsdiqini tapmış hallar məktəblərin Pedaqoji şuralarının müzakirəsinə çıxarılıb, fəaliyyətində nöqsanlara yol vermiş 20 məsul şəxs barəsində intizam tənbehi tətbiq edilib, 1 nəfər işdən azad edilib. 4 müraciətlə bağlı aidiyyəti orqanlarda araşdırma davam etdirilir.

Xatırladaq ki, ötən il Təhsil Nazirliyi tərəfindən şagirdlərə dəstək məqsədilə 146-2 “Qaynar xətt” xidməti  istifadəyə verilib və “Mənimlə danış” sosial kampaniyasına başlanılıb. Bu kampaniya çərçivəsində  tanınmış simalar qısnamaya məruz qalmış məktəblinin hekayəsini təqdim edirlər.