XƏBƏRLƏR

21.01.2020 12:05
Ümumi təhsil müəssisələrində Ümumxalq Hüzn Günü

Paytaxt məktəblərində 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbirlər keçirilib.

AzEdu.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 20 Yanvar mövzusunda konfrans, seminar, mühazirə və “Dəyirmi masa”lar təşkil edilib.

Tədbirlərdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən Bakıda həyata keçirilən qırğının səbəbləri və ağır nəticələri barədə ətraflı danışılıb. Bildirilib ki, keçmiş sovet dövlətinin həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi hər zaman bəşər tarixində qara səhifə olaraq qalacaq. Məktəblilərə bu tarixi heç vaxt unutmamaq tövsiyə edilib.

Tədbirlərdə şagirdlər 20 Yanvar hadisələrinə həsr olunmuş şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar təqdim ediblər.

Ümumi təhsil müəssisələrində 20 Yanvar hadisələrindən bəhs edən sənədli və bədii filmlər də nümayiş olunub. Həmçinin Ümumxalq Hüzn Gününə dair divar qəzetləri, stendlər, bülletenlər hazırlanıb, məktəblilər arasında rəsm, bədii qiraət və inşa yazı müsabiqələri keçirilib, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil edilib.

20 Yanvar-Ümumxalq Hüzn Günü ilə əlaqədar paytaxt məktəblilərinin və təhsil işçilərinin şəhid ailələri, Qarabağ müharibəsi veteranları ilə görüşləri də keçirilib. Həmçinin şagird və müəllimlərin Şəhidlər xiyabanına ziyarəti təşkil olunub.

Qeyd edək ki, yanvarın 17-də ümumi təhsil müəssisələrində 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş xüsusi dərslər də keçirilib.