XƏBƏRLƏR

15.01.2020 14:28
AzTU məzununun uğur hekayəsi

Azərbaycan Texniki Universiteti (AzTU)  məzunlarının iş fəaliyyətlərini diqqətlə izləyir, onların karyeralarını  qurmalarına  dəstək verir.

Yanvarın 14-də AzTU-nun nümayəndə heyəti Abşeron Logistika Mərkəzində universitetin məzunu,  mərkəzin direktor müavini Əfqan Məmmədovla görüşüb.

Əfqan Məmmədov AzTU-nun “Nəqliyyat və Logistika” fakültəsinin məzunudur, Dəmiryol nəqliyyatı və təsərrüfatı ixtisası üzrə bakalavr və magistr səviyyələrini fərqlənmə diplomu ilə bitirib. Karyerasına “Azərbaycan Dəmir Yolları” QSC-də mühəndis, şöbə müdiri, müdir müavini kimi başlayan Əfqan Məmmədov bir sıra beynəlxalq təcrübə proqramları və təlimlərdə iştirak edib.  2018-ci ilin avqustundan Abşeron Logistika Mərkəzinin direktor müavini vəzifəsində çalışır.

Abşeron Logistika Mərkəzinin direktoru Ziya Ağayev AzTU nümayəndələri ilə görüşündə  Azərbaycan logistikasının inkişafında lokomotiv rolunda çıxış edən mərkəzin  fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.  Direktor həmçinin  Əfqan Məmmədovun yüksəksəviyyəli mütəxəssis kimi logistika mərkəzinin fəaliyyətindəki rolunu qeyd edib.

Görüşdə Azərbaycan Logistika Mərkəzinin AzTU ilə əməkdaşlığının daha sıx inkişaf etdirilməsinə dair təkliflər səsləndirilib. Universitetin IV kursla yanaşı, II və III  kurs tələbələri də mərkəzin istehsalat-təcrübə proqramlarına cəlb olunacaqlar. Proqramı uğurla bitirənlərin işə qəbulu nəzərdə tutulur.