Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-10 14:38:00
İmtahanda iştirak etmək  üçün sənəd qəbulu başladı-DİM

Dövlət İmtahan Mərkəzi 2020-ci il yanvarın 10-dan 20-dək 2019-2020-ci tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək üçün namizədlərin qeydiyyatını elan edir.

AzEdu.az xəbər verir ki, bu müddət ərzində 2019-cu ilin dekabrında keçirilən cari sənəd qəbulu kampaniyası dövründə doktorantura və dissertanturaya qəbul olunmaq üçün sənədlərini ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlara təqdim etmiş iddiaçılar DİM-in internet saytında (http://ekabinet.dim.gov.az) "Şəxsi kabinet"in yaradılması və istifadə qaydası”na müvafiq olaraq “Şəxsi kabinet” yaratmalı və xarici dil üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər. Şəxsi kabinet bir dəfə yaradılır və daim istifadə edilə bilər.

İmtahanda iştirak ödənişlidir. Namizədlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak üçün tələb olunan 90 (doxsan) manat məbləğində pul vəsaitini (xarici dil imtahanından azad olunanlar istisna olmaqla) əlavə etməlidirlər. Qüvvədə olan müvafiq xarici dil sertifikatına malik namizədlər xarici dil imtahanından azad olunur və ərizənin təsdiqi zamanı heç bir ödəniş etmirlər. Digər namizədlər ərizələrini təsdiq edərkən onların şəxsi kabinetinin pul hesabından tələb olunan məbləğ (90 manat) silinir.

Müqayisə üçün bildiririk ki, respublikamızda müvafiq xarici dil imtahanlarında iştirak üçün iddiaçılar aşağıdakı məbləğdə ödəniş etməli olurlar: IELTS – 350 manat, TOEFL – 306 manat, TestDaF – 274 manat, DELF – 115 manat, DALF – 130 manat.

DİM-in internet saytında namizədlərin imtahan verəcəkləri xarici dilin seçiminə qoyulan tələblər haqqında ətraflı məlumat verilmişdir (http://www.dim.gov.az/news/4626/). Həmin tələbləri bir daha nəzərinizə çatdırırıq.

Doktoranturaya və dissertanturaya qəbul imtahanı keçirilən hər hansı bir xarici dil (ingilis, alman və ya fransız dili) üzrə aşağıda göstərilən hər hansı bir magistratura ixtisaslaşmasını (filologiya (xarici dil və ədəbiyyat üzrə dilşünaslıq və ya ədəbiyyatşünaslıq), xarici dil və ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi və tərcümə ixtisasları üzrə ixtisaslaşmaları) bitirən namizədlər doktoranturaya qəbul zamanı ixtisaslaşma dilini xarici dil kimi seçə bilməzlər:

060201 Filologiya

- Ədəbiyyatşünaslıq (ingilis, alman və ya fransız ədəbiyyatı)

- Ədəbiyyatşünaslıq (Amerika və Böyük Britaniya ədəbiyyatı)

- Ədəbiyyatşünaslıq (xarici ölkə xalqlarının ədəbiyyatı, Amerika ədəbiyyatı)

- Dilşünaslıq (ingilis, alman və ya fransız dili)

060102 Dil və ədəbiyyat müəllimliyi

- Dil və ədəbiyyatın tədrisi metodikası və metodologiyası (ingilis, alman və ya fransız dili və ədəbiyyatı)

060103 Xarici dil müəllimliyi

- Xarici dilin tədrisi metodikası və metodologiyası (ingilis, alman və ya fransız dili)

060203 Tərcümə

- Tərcümə (ingilis, alman və ya fransız dili)

- Sinxron tərcümə (ingilis, alman və ya fransız dili)

Yuxarıda qeyd olunan hər hansı bir magistr ixtisaslaşmasını bitirən namizədlər ixtisaslaşma dili olmayan digər iki dildən birini xarici dil kimi seçməli və həmin dildən qəbul imtahanı verməlidirlər.

Digər magistr ixtisaslaşmalarını bitirən şəxslərin xarici dil seçiminə məhdudiyyət qoyulmur, yəni onlar doktoranturaya və dissertanturaya qəbul zamanı xarici dil kimi ingilis, alman və ya fransız dilini seçə bilərlər.

Qeyd edək ki, sənəd qəbulu zamanı xarici dil seçimini düzgün etməyən və ya seçdikləri xarici dili dəyişmək istəyən şəxslər xarici dil imtahanına qeydiyyat aparılan müddət ərzində (şənbə, bazar günləri və Ümumxalq hüzn günü istisna olmaqla) DİM-in Bakı şəhəri, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən ofisinə müraciət edib, şəxsiyyəti təsdiq edən sənədlərini və onların surətini təqdim etməklə seçimlərini dəyişə bilərlər.

Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar. Xarici dildən imtahanda iştirak etməyənlər fəlsəfə üzrə imtahana buraxılmırlar.

Xarici dil üzrə qüvvədə olan B2 və ya daha yüksək səviyyəli beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olan namizədlər xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Həmin şəxslər DİM-in internet saytında şəxsi kabinet yaratdıqdan sonra şəxsiyyət vəsiqələrinin və sertifikatlarının əslini və surətini 2020-ci il yanvar ayının 13-dən 15-dək saat 10-dan 17-dək olan müddət ərzində DİM-in Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Asiya Universitetinin binasında) yerləşən ofisində yaradılan Sənəd qəbulu komissiyasına təqdim etməlidirlər. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi AMEA və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.

Doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanının tarixi barədə yaxın günlərdə məlumat veriləcək.

 Ayşə MÜSEYİB