Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-13 15:51:00
Astara təhsilinin inqilabçısı – “Demişəm ki, təmiz işləyəcəyəm” – Sərt qərarlı RTŞ müdiri

“Bəzi direktorlar hələ də köhnə ab-hava ilə işləmək niyyətindədirlər. Onlara yenilikləri nə qədər desək də, əməl etmək istəmirlər”

AzEdu.az Rayon Təhsil Şöbələrinin müdirləri ilə silsilə yazıları davam etdirir.

Budəfəki həmsöhbətimiz isə Astara Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənovdur. O, bu vəzifəyə ötən il təyinat alıb. Təyinata qədər isə Astara rayonu D.Əsədov adına Şahağac kənd 2 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, Astara Rayon İcra Hakimiyyəti Başçısının Şahağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb.

“Onlara diplom cehizlik kimi lazım olub”

Təyinatından sonra tətbiq etdiyi yeniliklər barəsində isə belə izah edir:

“Təyinatdan sonra enerjisi bol olan gənc müəllimləri ətrafımıza yığmağa başladım. Onlar işləməyə həvəslidirlər, rəhbərlikdən diqqət görəndə isə daha da həvəslənirlər. İlk işim Rayon Təhsil Şöbəsi yanında Gənc müəllimlər icmasını yaratmaq oldu.

Monitorinqlər nəticəsində təhsil keyfiyyətinin yaxşı olmadığı aşkarlandı. Burada əsas amil kimi ibtidai sinif müəllimlərinin bacarıqlarının çox aşağı olmasını görürəm. Bunu nazirliyə də bildirdim. 725 ibtidai sinif müəllimindən 690-ı orta ixtisas, 35-i isə ali təhsillidir. 690 nəfərin 60-65 %-i isə 2010-cu ilə qədər Astara Pedaqoji Kollecini bitirən müəllimlərdir. Onlara diplom cehizlik kimi lazım olub. Təsəvvür edirsiz? Diaqnostik Qiymətləndirmə imtahanında 10-20 aralığında bal toplayıblar. Təhsilin səviyyəsi iflic idi. Gənc müəllimlərlə birləşib test sınaq imtahanları, monitorinqlər keçirdik. Ayda bir dəfə imtahanlar təşkil etdik.

Bundan əlavə, təlimçilik təcrübəmə əsaslanaraq, ibtidai sinif müəllimləri üçün təlim keçirmək istəyirəm. Qiymətləndirməni tam  başa düşə bilmirlər. Qiymətləndirmə ilə bağlı onlara şəxsən özüm təlim keçəcəyəm.

Artıq qabaqcıl ixtisas müəllimləri, yenilikçi direktorlarda bizə qoşulublar. Rayonumuzu bölgələrə bölmüşük.  Bölgələr üzrə ixtisas müəllimləri üçün təlimlər keçiririk. Məsələn, psixoloq Elnur Rüstəmovu dəvət edərək Ümumtəhsil müəssisələrində məktəbdaxili psixoloji işin təşkili  barədə 5 saatlıq seminar keçiriləcək”.

“Direktorlara birmənalı  olaraq varisliyi pozmamağı tapşırmışam”

Rəşad müəllimin növbəti işiburaxılış imtahanları ilə bağlı statistik təhlil aparmaq olub. Məlum olub ki, nəticələr ürəkaçan deyil:

“Səbəbləri analiz etdim. Məsələn,  bir çox məktəb direktorları aAna dili, Riyaziyyat və Xarici dilin tədrisini VII sinifəcən başqa, VIII sinifdə başqa, IX sinifdə isə başqa bir müəllimə verir, varisliyi pozurlar.  Direktorlara birmənalı  olaraq varisliyi pozmamağı tapşırmışam. Bir müəllim eyni sinfi sonacan aparsın ki, onun nəticəsini qiymətləndirə, sabah haqlı tədbir görə bilək. IX siniflərin nəticələri zəif olduğu üçün VII, VIII və IX siniflərdə buraxılış imtahanlarına uyğun sınaq testləri təşkil edirik.

Artıq 2 test imtahanı keçirmişik, üçüncünü planlaşdırırıq. Sonradan 3 aylıq nəticələri təhlil edəcəyik. Layihələrimiz çoxdur”.

“Direktorlar iradlara baxmayaraq, vərəqləri öz otaqlarında saxlayıb müəllimə vermirlər”

Astara məktəblərinin direktorlarından nə dərəcədə razı olduğunu soruşduqda isə Rəşad müəllim belə cavab verir:

“Bəzi direktorlar hələ də köhnə ab-hava ilə işləmək istəyirlər. Onlara yenilikləri nə qədər desək də, əməl etmək istəmirlər.

Məsələn, Təhsil Nazirliyi müəllimləri sözün həqiqi mənasında bütün ləvazimatlarla təmin edib. Əvvəl müəllim işləyəndə düşünürdüm ki, məktəblərə summativ üçün vərəq verilmir. Amma iki ildir, bunun şəxsən şahidiyəm ki, məktəblər ləvazimatlarla kifayət qədər təmin olunur. Bəzi direktorlar iradlara baxmayaraq, vərəqləri öz otaqlarında saxlayıb müəllimə vermirlər. Bilirlər ki, müəllim məcbur qalıb özü pul verərək vərəqi alacaq. Belə problemlər olsa da, öhdəsindən gəlirik.

Hər rəhbər fəaliyyətə başlayanda şərtlərini qoyur. Məndən öncə necə işlədiklərinin mənə aidiyyəti yoxdur. Gələn gündən demişəm ki, mən təmiz işləyəcəyəm. Birmənalı olaraq Təhsil Nazirliyinin siyasəti uğrunda iş aparacağam. Bu siyasətə qoşulma bacarığı olanlar mənimlə işləyəcəklər.

Bugünəcən cəmi bir məktəb direktoru o qaydalara uymayıb.Yoxlama apardım, həmin məktəbdə MİQ-dən  kənar müəllim aşkarladım. Bundan əlavə, 3 şagirdin adı olsa da,  özü olmadığını aşkarladım. Həmin direktor barədə çox sərt tədbir gördüm. Onun haqda məlumatı birbaşa  nazirliyə təqdim etdim. Sağolsun, cənab nazir onun işdən azad edilməsinə kömək etdi. Əksər direktorlar isə yeni qaydaları qəbul edərək işləmək həvəsinə düşüblər. Kim qoyulan qaydalara riayət , Təhsil strategiyasına əməl edə bilməyəcəksə, birmənalı şəkildə bu sistemdən uzaqlaşdırılacaq”.

“10 il ərzində Astara məktəblərində fərqlənmə attestatı alan şagird olmayıb”

“Rəhbərliyiniz yaxın 2-3 ildə Astara təhsilinə nə vəd edir?”sualını isə RTŞ müdiri belə cavablayıb:

“Hesabatlarda rayonun reytinq cədvəli göstərilir. Astara rayonu sonuncu sıralardadır. Sizi əmin edirəm ki, bu gedişlə Astaranı ən azı orta səviyyəyə çatdıracağam. Bunun  üçün bütün gücümü sərf etmişəm. Buna nail olmalıyam, başqa yolu yoxdur.

Təsəvvür edin, 10 il ərzində Astara məktəblərində fərqlənmə attestatı alan şagird olmayıb. 10 il... Bilirsiz bu, nə deməkdir?!Təyinat alandan sonra 3şagirdimizin buna həqiqətən layiq olduğunu gördüm. Bu il 2 şagirdimizi respublika olimpiadasına göndərdik, yer tutdular. Uğurlu seçim də əsas amildir. Bir şagirdiniz həvəsləndirici yeri tutdu. Xatırladım ki, əvvəllər o şagirdə qarşı maneələr olmuşdu. Obyektiv seçim ediriksə, onun nəticəsini mütləq görəcəyik. Bunu olimpidada da, fənn müsabiqəsində də, “Ədəbiyyat bilicilərin”də də gördük”.

“Ümumi valideyn iclaslarında şəxsən özüm gedib iştirak edirəm”

Rəşad müəllimin sözlərinə görə, valideynlərdən müxtəlif səpkili müraciətlər alır. Çıxış yolunu isə bu cür tapıb:

“Konkret birhədəfli müraciət yoxdur. Valideynlərdən gələn şikayət xarakterli məlumatlar çox deyil. Çünki direktorlara tapşırmışam, ümumi valideyn iclası keçiriləndə şəxsən özüm gedib iştirak edirəm. Orada qətiyyən məktəbin işinə qarışmıram. İclasın gedişatına mane olmur, sonda 10–15 dəqiqəvaxt alıram. Valideynlərə deyirəm ki, baxın, özüm gəlmişəm. Nə probleminiz varsa, deyə bilərsiniz. Nazirlikdə şikayət sayını artırmaqdansa, elə mənə deyin. Həll etmək iqtidarındayamsa, birmənalı olaraq burada həll edəcəyəm. Deyiləmsə, hər yerə müraciət etmək iqtidarındasız.

Müəllimlərin dərs bölgüsü ilə bağlı şikayətlərimiz çox olur. Onlar isə obyektiv səbəblərdir. Hər ibtidai sinifə 3-4 müəllim düşür. Dərs saatları Diaqnostik Qiymətləndirmə imtahanındakı bala uyğun bölündüyüə görə, istər–istəməz problemlər olur.

Şagirdlərin şəxsiyyət kimi yetişməsi üçün çalışırıq. Astarada vətənpərvərlik çoxdur. Əsasən də dağ  məktəblərində vətənpərvərlik pik həddədir. Orada tədbir keçiriləndə uşaqların çıxışları insanı valeh edir. Bütün məktəblərdə şagirdlər şəxsiyyətyönümlü yetişdirilir”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları