XƏBƏRLƏR

03.11.2019 12:48
Azərbaycan uşaqlarının xoşbəxt uşaqlığı - Bakıdakı 64 saylı uşaq bağçasından reportaj

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 31-də Bakının Nərimanov rayonundakı 64 saylı körpələr evi-uşaq bağçasında olub.

AzEdu.az Trend-ə istinadən bildirir ki, Birinci vitse-prezidentin bu ziyarəti valideynlər və müəllimlərə unudulmaz anlar, sevinc dolu təəssüratlar bağışlayıb. Bunu Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkədə həyata keçirilən çoxsaylı sosial islahatların, insanlara olan bitib-tükənməyən qayğısının bir nümunəsi kimi də dəyərləndirmək olar.

Ümumiyyətlə, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində artıq bir çox ərazilərdə yeni məktəb binaları, uşaq bağçaları tikilib və təmir olunub. Bu sahədə aparılan islahatların davamı olaraq, ölkədə hazırda da bir çox sosial müəssisələrin, xüsusilə məktəbəqədər və ümumtəhsil müəssisələrinin təmir edilməsinə, yeni binaların tikilməsinə xüsusi diqqət verilir.

Birinci vitse-prezidenti Mehriban Əliyevanın ziyarət etdiyi 64 saylı körpələr evi-uşaq bağçasına gəlincə, 1963-cü ildə inşa olunan bu müəssisə Heydər Əliyev Fondu tərəfindən 2018-ci ildə əsaslı təmir edilib. Bağça iki mərtəbə, iki korpus, 95 yerlik və beş qrupdan ibarətdir. Binada təmir işləri zamanı infrastruktur yenidən qurulub, həyətyanı sahə abadlaşdırılıb, yaşıllıq salınıb. Uşaqların əylənməsi məqsədi ilə bağçanın həyətində müxtəlif atraksionlar quraşdırılıb.

64 saylı körpələr evi-uşaq bağçasında 10 ildən çox müəllim işləyən Ülkər Quliyeva da bağçanın əvvəlki şəraitinin çox pis olduğunu xatırladaraq bu gün burada uşaqlar və müəllimlər üçün yaradılan mükəmməl şəraitə görə minnətdarlığını bildirib: "Bağçada isti, rahat şərait təmin edilib, uşaqların əylənməsi üçün oyun meydançası da tikilib. Prezident İlham Əliyevə, Birinci xanım Mehriban Əliyevaya minnətdarıq ki, uşaqlarımız üçün belə gözəl şərait yaradıblar".

Bağçanın tərbiyəçisi Tahirə Quliyeva Trend-ə deyib ki, işlədiyi bu müəssisə təmirdən əvvəl çox pis vəziyyətdə olub:"Təmirdən öncə bağça lazımi avadanlıqlarla təmin edilməmişdi. Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi nəticəsində bu bağça yenidən təmir olundu, yeni müasir avadanlıqlarla təchiz edildi və burada gözəl şərait yaradıldı. Hazırda bağça çox gözəl şəraitdə fəaliyyət göstərir. Mehriban xanım sağ olsun ki, bizim üçün belə bir şərait yaradıb. Onun bağçanın açılışında iştirak etməsi isə bizi daha fəal işləməyə həvəsləndirdi. Valideynlər də öz uşaqlarını artıq bu bağçaya daha həvəslə gətirirlər".

Bağçada 35 ildən çoxdur tərbiyəçi kimi çalışan Mehriban Məmmədovanın sözlərinə görə də valideynlər bağçanın yeni vəziyyətindən çox məmnundurlar: "Bu müəssisə uzun müddət təmirsiz vəziyyətdə qalıb. İndi burada uşaqlar üçün hər cür şərait var. Biz yeni şəraitdən çox razıyıq, buna görə Heydər Əliyev Fonduna, Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirik. Mehriban xanımın bu bağçaya gəlişi çox təqdirəlayiq idi. Uşaqlar onun gəlişinə çox sevindilər. Biz hər zaman Mehriban xanımın qayğısını üzərimizdə hiss edirik".

İki nəvəsi bağçada təlim alan Şahin Rəhimov da Birinci vitse-prezident Mehriban Əliyevanın gördüyü işləri təqdirəlayiq hesab edib. Qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu diqqət və qayğısı gələcək nəslimiz üçün örnəkdir: "Mən arzulayıram ki, gələcəyin gəncləri olan bu körpələr Mehriban xanımın ideyası ilə yetişsinlər və gələcəyimizə böyük töhfələr versinlər. Eyni zamanda, arzu edirəm ki, belə uşaq bağçalarımız Qarabağımızın işğal olunmuş ərazilərində açılsın".

Valideyn Rüfət Zeynalov bildirib ki, artıq bağçada uşaqların təlim şəraiti çox yüksək səviyyədədir:"Mehriban xanım Əliyeva sağ olsun ki, uşaqların üzərindən öz diqqət və qayğısını əsirgəmir. Belə gözəl şəraitə görə bizim də seçimimiz bu bağça olub".

İlin gənc müəllimi-Müraciət formu