XƏBƏRLƏR

02.11.2019 15:29
İmişlinin qəbul göstəriciləri - Ən zəif və ən güclü məktəblər

2018-ci ildə Azərbaycanın ayrı-ayrı bölgələrini təmsil edən məzunların imtahan nəticələrinin elmi-statistik təhlili açıqlanıb.

Bu barədə “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.

AzEdu.az adıçəkilən jurnala istinadən bölgələr üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrini silsilə şəkildə oxuculara təqdim edəcək.

Budəfəki  yazıdı İmişli rayonu üzrə məzunların ali məktəblərə qəbul imtahanlarında göstərdikləri nəticələrin statistik təhlilini diqqətə çatdırırıq.

2018-ci ildə rayonun ümumtəhsil müəssisələrini 1099 şagird bitirib, onların 997 nəfəri buraxılış imtahanında iştirak edib və 436 nəfəri hər üç fənn üzrə müvəffəq qiymət alıb.

Buraxılış imtahanında tədris dili fənni üzrə məzunların 28.39%-i “2”, 36.21%-i “3”, 17.95%-i “4”, 17.45%-i “5”, riyaziyyat fənni üzrə 35.81%-i “2”, 31.29%-i “3”, 21.77%-i “4”, 11.13%-i “5”, xarici dil (kimya) fənni üzrə isə 40.92%-i “2”, 40.42%-i “3”, 12.84%-i “4”, 5.82%-i “5” qiyməti alıb. Ümumilikdə, 999 nəfər attestat alıb.

Attestat alanların 55.76%-i (557 nəfəri) ali təhsil müəssisələrinə qəbul kampaniyasında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 258 məzunu (imtahanlarda iştirak edənlərin 46.32%-i) tələbə adını qazanıb. Rayon abituriyentlərinin I-IV qruplarda ana dili, ədəbiyyat, riyaziyyat, biologiya, tarix, coğrafiya və ingilis dili fənləri üzrə göstəriciləri respublikanın orta göstəricilərindən aşağıdır.

Rayon məzunlarının 48 nəfəri 500-dən, o cümlədən 14 nəfəri 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olub. Abituriyentlərin I-IV qruplar üzrə qəbul imtahanlarında topladıqları orta bal 251.673-ə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 8.1% aşağıdır.

Şagirdlərin yalnız 36.34%-i 300-dən yuxarı bal toplayıb. Rayonun attestat qiymətləri əla olan abituriyentlərindən 4.00%-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 40.00%-dir.

Qəbul imtahanlarında 55 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən F.Əsədov adına Qaraqaşlı kənd tam orta məktəbinin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb. Q.Tarverdiyev adına Hacalmuradlı kənd və Aranlı kənd 2 saylı tam orta məktəblərinin bir məzunu belə ali təhsil müəssisələrinə qəbul üçün sənəd verməyib. Bu il rayonun ən yaxşı məktəbləri sırasında Rəsullu kənd tam orta məktəbini qeyd etmək olar.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu