XƏBƏRLƏR

10.10.2019 14:12
Deputat: “İlham Əliyev Azərbaycan dilinin inkişafına  ciddi diqqət verir”

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun akt zalında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının strukturunda fəaliyyət göstərən Biologiya və Tibb Elmləri Bölməsinin iclasi keçirilib.

AzEdu.az xəbər verir ki, iclası giriş nitqi ilə açan Bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov Bölmənin üzvlərini və dəvət olunmuş ekspertləri gündəliklə tanış edib. 

 O bildirib ki, Prezident İlham Əliyev Azərbaycan dilinin inkişafına  ciddi diqqət verir. Bu siyasi kursun səmərəli icrasında Terminologiya Komissiyasının böyük rolunu vurğulayan akademik müxtəlif elm sahələri ilə bağlı terminoloji lüğətlərin hazırlanmasının həm tədqiqatların səmərəliliyinin artırılması, həm də dilin zənginləşdirilməsi baxımından vacibliyini qeyd edib. Akademik Əhliman Əmiraslanov Terminologiya Komissiyasının Biologiya və Tibb Elmləri Bölməsinin tərkibinə yenidən baxılmasına ciddi zərurət yaranmasından danışıb, bununla bağlı AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılacağını bildirib. 

 Daha sonra iclasın sədri sözü Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqovaya verib. AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsində elmi terminologiya problemlərinə həmişə həssaslıqla yanaşıldığını qeyd edən professor Sayalı Sadıqova son illərdə Terminologiya Komissiyasının qərarı ilə işıq üzü görmüş “Hərbi-tibbi terminlərin izahlı lüğəti”, “Onkologiya terminləri lüğəti” kimi əsərlərin Azərbaycan tibb elminə dəyərli töhfə olduğunu vurğulayıb. Daha sonra natiq Terminologiya Komissiyasının fəaliyyət prinsiplərindən, terminologiyaya qoyular tələblərdən danışıb. O, AMEA-nın Zoologiya İnstitutu tərəfindən müzakirəyə təqdim edilən “Azərbaycan faunasının taksonomik spektri (onurğalılar)” üzrə informasiya sisteminə daxil ediləcək heyvan adları və terminlərlə bağlı bir sıra mübahisəli məqamlara diqqət çəkib, məsələ ilə bağlı müəlliflər qarşısında suallar qoyub. 

 Sonra aparılan geniş müzakirələrdə AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru akademik İradə Hüseynova, AMEA Botanika İnstitutunun direktoru akademik Validə Əlizadə, Bakı Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Elşad Qurbanov, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü İlham Şahmuradov, Dövlət Sərhəd Xidmətinin Hərbi Qospitalının rəisi, tibb elmləri doktoru, AMEA-nın professoru Kənan Yusifzadə, Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova, AMEA Zoologiya İnstitutunun “Quru onurğalıları” laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Əbülfəz Tağıyev, Zooloji Muzeyin direktoru biologiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Bünyatova, AMEA Zoologiya İnstitutunun şöbə müdiri, biologiya elmləri doktoru, professor Şaiq İbrahimov və başqaları çıxış edib təkliflər verərək öz fikirlərini bildiriblər.

İlin gənc müəllimi-Müraciət formu