Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-09 16:35:00
Tələbələri universitetdən sonra işsiz qoymayacaq layihə - “Ödəniş etmədən qoşulun”  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən ali təhsil müəssisələrinin tələbə və məzunlarının əmək bazarına uğurlu inteqrasiyası üçün “Karyerada ilk addım” layihəsi həyata keçirilir.

Bakı şəhər Məşğulluq idarəsinin rəis müavini Fatimə Ələkbərova AzEdu.az-a açıqlamasında bildirib ki, bu layihənin ümumi məqsədi tələbələr ilə işə götürən müəssisələr arasında əlaqə yaratmaqdır:

“Tələbələrin əksəriyyətinin əmək bazarından məlumatı yoxdur. Onlar universiteti bitirdikdən sonra necə, harada işləməyi müəyyənləşdirə bilmirlər. Vakant yerlər, yaxud iş yerlərinin onların ixtisasına uyğunluğu və s. məsələlərdə çətinlik çəkirlər. Layihə çərçivəsində HR-lər müxtəlif universitetlərdə tələbələrlə görüşüb, onlara canlı şəkildə vakant yerlər haqqında məlumat verir və müsahibə mərhələsini həyata keçirir”.

O bildirib ki, tədbirlər təşkil olunmamışdan 15-20 gün əvvəl müvafiq universitetlərin sosial şəbəkə hesablarında, öz rəsmi səhifələrində  bu barədə məlumatlar qeyd olunur.

Onun sözlərinə görə bu layihə təkcə tələbələrə deyil, universiteti bitirmiş iş axtaran məzunlara da şamil olunur.

“Adətən tələbələr müxtəlif iş yerlərində təcrübə proqramlarında iştirak edirlər. Layihənin məqsədi onları iş mühiti ilə tanış etməkdir. Əsasən yay müddətində istirahət vaxtı 2-3 ay təcrübə proqramlarına qoşulurlar. Məzunlar isə ixtisaslarına uyğun olaraq əmək bazarında işlə təmin olunurlar”.

F.Ələkbərova vurğulayıb ki, “Karyerada ilk addım” layihəsinə qoşulmaq istəyən tələbələr sosial şəbəkələrdən, nazirliyin və məşğulluq idarəsinin rəsmi feysbuk səhifələrində paylaşılan elanlardan məlumat alıb layihəyə qoşula bilərlər. Bununla yanaşı, ildə 5-6 dəfə müxtəlif universitetlərdə tədbirlər də həyata keçirilir.

Qeyd edək ki, layihə qoşulmaq  tam ödənişsizdir. Təcrübə müddətində və ya işlə təmin olunduqdan sonra heç bir əlavə ödəniş edilmir.

Ayşə Müseyib