Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-25 12:32:00
Bu gün Nil Armstronqun ölümündən 7 il ötür

Bu gün Aya ilk ayaq basan,ABŞ kosmonavtı, ABŞ Hərbi Dəniz Donammasının zabiti Nil Armstronqun ölümündən 7 il ötür.

AzEdu.az XX əsrin ən maraqlı hadisələrindən biri olan Aya səyahətin qəhrəmanı Nil Armstronqu sizə daha yaxından təqdim edir.

Aya ilk dəfə ayaq basmış adam 1930-cu ildə avqust ayının 5-də ABŞ-ın Oqayo ştatının Vapakoneta şəhərində dünyaya gəlib. 1947-ci ildə orta məktəbi həmin şəhərdə bitirib. Yuxarı siniflərdə oxuduğu zaman şəhər aviasiya məktəbində hazırlıqlar keçən Nil 1947-ci ildə aviasiya texnikası ilə bağlı tədqiqatlar aparılan Perdyu Universitetinə daxil olur. 1949-cu ildə Hərbi Dəniz Qüvvələrinə çağırılması ilə əlaqədar olaraq Nil təhsilini dayandırmalı olur. 1950-ci ildə o, ABŞ Hərbi Dəniz Donanmasının tərkibində  təyyarə pilotu olur və Koreyaya göndərilir. 1950-1952-ci illərdə o Koreya müharibəsində iştirak edir. Bu müddətdə Armstronq “Grumman F9F Panther” qırıcı təyyarəsi ilə 78 döyüş uçuşu həyata keçirib və bir dəfə düşmən tərəfindən vurulurur. Bir  “Hava əməliyyatlarına görə” və iki “Qızıl Ulduz” medalları ilə təltif edilir. 

1952-ci ildə Armstronq Perdyu Universitetinə qayıdır və 1955-ci ildə aviasiya texnikası üzrə bakalavr dərəcəsini alaraq uğurla həmin universiteti bitirir. 1955-ci ildə Nil Armstronq Lyuis adına Mühərrik Qurğuları Laboratoriyasında ( Flight Propulsion Laboratory) fəaliyyətə başlayır.  Bir ildən sonra Nil Kaliforniyada yerləşən NASA-ya məxsus Hərbi Hava Qüvvələrinin Edvards adına hərbi bazasında yüksək sürətli uçuşlar stansiyasında (High-Speed Flight Station) fəaliyyətini davam etdirməyə başlayır. Armstronq F-100A və F-100C həmçinin F-101, F-104A, X-1B, X5, F-105, F106, B-47, KS-135 eksperimental təcrübi təyyarələrin sınaqlarında iştirak edir. 1958-ci ilin iyun ayında Hərbi Hava Qüvvələrinin həyata keçirdikləri MİSS (Man İn Space Soonnest) proqramı çərçivəsində  astronavt kimi hazırlıqlar keçməyə başlayır.

Lakin 1958-ci ildə ilk pilotlaşdırılmış uçuşlara aid bütün işlər NASA-ya veriləndən sonra Nilin hazırlıqları dayandırıldı. Armstronq 1958-ci ilin oktyabr ayında eksperimental raket təyyarə X-15-də uçuşlar üçün pilotlar qrupuna daxil edilir. 1960-ci ilin noyabr ayının 30-dan 1962-ci ilin iyul ayının 26-na qədər Armstronq X-15-də 7 uçuş həyata keçirir. O ən çox 63 246 metr hündürlüyə qədər qalxa bildi. Bu 1962-ci ildə onun sayca altıncı uçuşu zamanı baş verdi. 1960-cı ildə Armstronq “X-20 Dyna-Soar” məxfi hərbi proqramı üçün 7 nəfərdən ibarət pilotlar qrupuna daxil edildi.Nil X-20 təyyarəsinin eniş sınaqlarını həyata keçirmək üçün xüsusi cihazlarla təchiz edilən trenajor F-102 və F5D təyyarələrində tədqiqatlar aparmaqla məşğul olmağa başladı.

Artıq 1962-ci ilin yay aylarında Armstronq bu proqramın perspektivsizliyini anlayaraq X-20 pilotlar qrupundan getməyə qərar verdi və NASA-da astronavt kimi karyerasını davam etdirməyə qərar verdi. Elə həmin ilin sentyabr ayında 250 nəfər namizədin içindən seçilərək NASA-nın pilotlardan ibarət ikinci qrupuna daxil edildi. “Cemini” və “Apollo” proqramları üzrə uçuş hazırlıqları keçdi. 1966-cı ilin mart ayının 17-də Nil Armstronq “Cemini 8” kosmik gəmisinin komandiri kimi özünün ilk kosmik uçuşunu həyata keçirdi. Qəza səbəbəilə uçuşu dayandırmalarına görə planlaşdırılan bir çox vəzifələr həyata keçirilə bilmədi. Lakin əsas olan pilotsuz raket “Agena” ilə birləşmə əməliyyatı uğurla həyata keçirildi. Astronavtların kosmik fəzada qalmaları 10saat 41 dəqiqə 26 saniyə davam etdi. Armstronq 1966-cı ilin iyun ayının 16-da “Apollo-11” kosmik gəmisinin komandiri kimi özünü ikinci, lakin tarixə düşmüş uçuşunu həyata keçirdi. 1969-cu il İyul ayının 20-də Nil Armstronq milyonlarla televiziya tamaşaçısının gözləri qarşısında canlı yayımla Aya eniş edəndən sonra kosmik gəminin sonunçu pilləsindən Ayın səthinə sıçradı. Armstronq Ay səthinə ayağını ilk dəfə basarkən: “İnsan üçün kiçik olan bu addım, bəşəriyyət üçün nəhəng bir sıçrayışdır” ("That's one small step for a man, one giant leap for mankind"), - deyə hayqırdı. Armstronq gəmidən kənarda 2 saat 21 dəqiqə keçirib. Armstronq 1969-cu ilin iyul ayının 24-də Yerə qayıtdı. Kosmosda uçuş 8 gün 3 saat 18 dəqiqə 35 saniyə davam etdi. 

Aya uçuşundan sonra Armstronq 1969-1971-ci illərdə NASA-nın aeronavtika şöbə rəhbərinin müavini vəzifəsində çalışdı. 1970-ci ildə o, Cənubi Kaliforniya Universitetinin aerokosmik texnikası üzrə elmlər magistri dərəcəsini aldı. 1971-ci ilin avqust ayından 1979-cu ilə qədər Sinsinatti Univarsitetinin mexanika professoru vəzifəsində çalışıb. 1974-cü ildə Armstronq NASA-dan istefa etdi və şəxsi bizneslə məşğul olmağa başladı. 1980-1982-ci illərdə Oqayo ştatının Livan şəhərində “Cardwell International LTD” şirkətinin direktorlar şurasının sədri oldu. 1982-ci ildən 1992-ci ilə qədər Virciniya ştatının Şarlotsvill şəhərində “Computing Technologies for Aviation,İnc” şirkətinə sədrlik edib. Bunula eyni zamanda 1981-ci ildən 1999-cu ilə qədər “Eaton Corp” şirkətinin direktorlar şurasında fəaliyyət göstərib. 1986-cı ildə “Challenger” şatlının qəzaya uğramasını araşdıran komissiyanın sədr müavini vəzifəsində fəaliyyətə başlayıb. 2000-ci ildə Armstronq müdafiə və aerokosmik sənaye üçün müxtəlif cihazlar istehsal edən “EDO Corp” şirkətinin direktorlar şurasının sədri seçilir. 

2012-ci ilin avqust ayının 9-da Nil Armstronq ürəyindən əməliyyat keçirir. Avqust ayının 25-də isə Aya ilk dəfə ayaq basan insan dünyasını dəyişərək haqqa qovuşur.
 
Armstronqun saysız mükafatlarının siyahısına Prezidentin Azadlıq (The Presidential medal of Freedom), ABŞ Konqresinin Kosmik Şərəf (Congressional Space Medal of Honor) medalları da daxildir. Onun adı ABŞ astronavtlarının şöhrət zalına (U.S. Astronaut Hall of Fame) daxil edilib. 2009-cu ildə Armstronq ABŞ Konqresinin Qızıl medalı ilə təltif edilib.