Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-22 16:00:00
Bu il Azərbaycanda bu qədər uşaq 1-ci sinifə gedəcək - Rəsmi  

2019-2020-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 164234 uşağın qəbulu proqnozlaşdırılır. 

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib onlardan 77542-si qız, 86692 nəfəri isə oğlandır.

Qeyd edək ki, 2019-2020-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə uşaqların qeydiyyatına martın 13-də start verilib və sentyabr 15-dək davam edəcək. 

Bakı şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, avqustun 22-nə (saat 14:30) qədər paytaxt məktəblərinin I sinfinə elektron qeydiyyat (mektebeqebul.edu.az) üzrə 46 581 sorğu yerləşdirilib. Onlardan 43 447-si ümumi təhsil məktəblərini, 3134-ü isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 95 % faizindən çoxdur.

Təhsil Nazirliyinin məlumatına görə, məktəbəhazırlıq qruplarındakı uşaqların I sinfə  qeydiyyatına ehtiyac yoxdur. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların növbəti tədris ili üçün həmin məktəbin I sinfinə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilir. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, I sinifdə də onların eyni sinifdə komplektləşdirilməsi və onlara eyni müəllimin tədris aparması nəzərdə tutulur. Bu qayda, 2018-2019-cu tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2019-2020-ci tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunur.

Qeyd edək ki, Təhsil naziri Ceyhun Bayramov ümumtəhsil məktəblərinin 2019-2020-ci dərs ilinə aid tədris planlarının təsdiq edilməsi haqqında əmr imzalayıb. Əmrə əsasən, 2019-2020-ci tədris ilində ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq. Əmrə müvafiq olaraq, dərs ili iki yarımilə bölünür: birinci yarımil - 15 sentyabr - 26 yanvar; ikinci yarımil - 1 fevral - 14 iyun.

Növbəti tədris ilinin tətil günləri də açıqlanıb. Nazirin 2019-2020-ci dərs ilinə aid tədris planlarının təsdiq edilməsi haqqında  əmrinə əsasən, aşağıdakı tətillər müəyyən edilib: 5 gün payız tətili (16-20 noyabr); 25.2. 5 gün qış tətili (27-31 yanvar). 25.3. İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may).