XƏBƏRLƏR

22.08.2019 14:14
Tələbələrin kirayə ev qayğısı: "Oğlanlar evi dağıdırlar", "Ev yiyəsi qəflətən içəri girir"

Yeni tədris ilinin başlamasına az qalır və tələbələrin kirayə ev qayğısı artır. Şəhər kirayə elanları ilə dolub-daşır. Ənənəvi olaraq "yalnız qızlar üçün" başlıqlı elanlarla isə çox qarşılaşırıq. Bu gün bir çox ev sahibləri evini ancaq qızlara, o cümlədən tələbə qızlara kirayə vermək istəyir. Oğlan adı gələndə isə çoxları qəti şəkildə "yox" cavabını verirlər.

Mənzil sahiblərinin böyük əksəriyyəti bunun səbəbini qızların daha məsuliyyətli, evə, əşyalara qarşı daha ehtiyatlı, səliqəli davranması ilə əlaqələndirirlər.

Evini kirayə verən Səkinə adlı xanım deyir ki, tələbə oğlanlar evdə salamat əşya qoymurlar:

"Neçə ildir evimi tələbə qızlara kirayə verirəm. Ailələri ilə görüşüb əvvəlcədən hər şeyi razılaşdırıram. Oğlanlar ev-eşiyi dağıdırlar, şkafı, qab-qaşığı qırırlar. Verdikləri kirayə pulunu da elə evin tör-töküntüsünə xərcləyirəm. Yəni mənə xeyir qalmır".

Tələbələr isə ev sahiblərinin belə fikirləri ilə razı deyillər. Onlar deyirlər ki, ildən-ilə kirayə ev tapmaq çətinləşir:

"Beş-on nəfər evi səliqəsiz saxlayır deyə, bu, bütün tələbə oğlanlara aid edilməməlidir. Biz müqavilə bağlamağa belə razıyıq, amma ev sahibləri əsassız olaraq evi yalnız qızlara kirayə verəcəklərini deyirlər. Bəs Azərbaycanda oxuyan əcnəbi oğlanlara niyə kirayə ev verirlər? Çünki bizə 200 manata deyilən evi onlara 400-600 manata verirlər. Onlar da qiymətlərdən xəbərsiz olduqları üçün razılaşırlar.

Hər tədris ili başlayanda bizim də dərdimiz artır. İmkanı olan ev tapanda yay aylarında da kirayə pulunu verir ki, gələn il evsiz qalmasın. İmkanı olmayan isə bizim kimi evsiz qalır".

Qızların şikayəti isə daha maraqlıdır:

"Ev tapmaq çətindir. Amma bizi narahat edən məsələ evi kirayələdiyimiz müddətdə açarlardan birinin sahibində qalmasıdır. Çünki bəzən bizə xəbər vermədən, qəflətən evə gəlirlər. Bu, narahatlıq doğuran məqamdır".

Əslində kirayə evlərin verilməsi qanunla necə tənzimlənməlidir? Ev sahibləri kirayə verdiyi müddətdə mənzilinə xəbərsiz baxış keçirə bilər?

AzEdu.az xəbər verir ki, məsələnin hüquqi tərəfini Oxu.Az şərh edən vəkil Cabbar Həsənov deyir ki, əslində evini kirayə verən şəxslər bu prosesi müqavilə bağlayaraq həyata keçirməlidirlər:

"Mənzillər müqavilə əsasında kirayə verilməlidir. Təəssüf olsun ki, bu gün kirayə verilən mənzillərin çox az hissəsi müqavilə ilə rəsmiləşdirilir. Bunun da öz səbəbləri var. Əvvəla, bu təcrübə əvvəldən olmayıb. İkincisi isə qanunvericilikdə evini müqavilə ilə rəsmiləşdirmədən kirayə verən şəxs və ya şəxslər haqqında heç bir inzibati məsuliyyət nəzərdə tutulmayıb. Bu səbəbdən də çox vaxt ev sahibi ilə mənzildə kirayə qalan şəxs arasında anlaşılmazlıq, mübahisəli məqamlar müşahidə edilir".

Vəkil düşünür ki, mənzil sahibi istənilən vaxt öz mülkünə nəzarət edə bilər:

"Sırf bu və digər məqamlar müqavilədə müəyyən bəndlərdə göstərilməli, əvvəlcədən qarşılıqlı şəkildə danışılmalıdır ki, sonradan narazılıq olmasın. Tələbələrin dediyi məqama gəldikdə, burada qanunla heç nə etmək olmaz. Müqavilə yoxdur. Bundan əlavə, mülkiyyətçinin haqqı var ki, mənzilinin vəziyyətinə nəzarət etsin. Kirayədə qalan şəxsin öz hüquqları var, mülkiyyətçinin isə öz hüququ. Sadəcə bunlar müəyyən çərçivədə qeyd edilməlidir.

Kirayə müqaviləsi həm də ona görə lazımdır ki, şəxs kirayə qaldığı evi dəyişirsə, bu barədə ərazi üzrə qeydiyyat şöbəsinə məlumat verməlidir. İnsanların çoxu kirayədə qalır və ərazi üzrə qeydiyyata düşmədiklərindən, zərurət olduqda onların harada yaşaması ilə bağlı məlumat əldə etmək də çətin olur".

Sosioloqlar isə irəli sürülən tələblərin bir qədər əsassız olduğunu nəzərə alaraq, əvvəllər bu qədər qız-oğlan ayrı-seçkiliyinin olmadığını deyirlər.

İlin gənc müəllimi-Müraciət formu