XƏBƏRLƏR

16.08.2019 14:28
Peşə təhsili müəssisələrinə sənəd qəbulu davam edir

2019-2020-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu davam edir.

AzEdu.az xəbər verir ki, peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdiri Zamin Bədirxanov sənəd qəbulunun gedişatı ilə əlaqədar jurnalistlərə müsahibə verib.

O bildirib ki, avqustun 16-dək 7400-ə yaxın müraciət qeydə alınıb. Müraciət edənlər əsasən aşpaz, dərzi, aqroservis mütəxəssisi, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, heyvandarlıq mütəxəssisi, turizm sahəsində iaşə üzrə mütəxəssis, turizm təşkilatçısı, elektrik qaz qaynaqçısı, kompüter operatoru və bərbər ixtisaslarına üstünlük veriblər.

Zamin Bədirxanov vurğulayıb ki, ərizələrin qəbulu avqustun 20-dək “ASAN xidmət” mərkəzlərində, belə mərkəzlərin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada davam edəcək. Müsabiqənin nəticələrinin avqustun 21-də elan olunması nəzərdə tutulur. Boş qalan yerlərə sənəd qəbulu da elektron qaydada aparılacaq. Əlavə qəbul avqustun 26-dan başlanacaq və 5 gün davam edəcək.

Xatırladaq ki, peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə həyata keçirilir.

Əlilliyi olan şəxslərin, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılır.

İlin gənc müəllimi-Müraciət formu