Ali Təhsil Müəssisələrinə Qəbul İmtahanında (YKS) bərabər çəki üzrə Türkiyə üzrə 4-cü, humanitar istiqamət üzrə isə 8-ci olan Zeynəb Aydın uğurunun əsas səbəbinin planlı çalışma olduğunu bildirib.
AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, Qalatasaray Liseyinin məzunu olan Zeynəb hazırlıq prosesinin böyük hissəsini kitabxanada keçirib.
O, 11-ci sinifdən etibarən imtahana hazırlaşdığını, xüsusilə riyaziyyat və ədəbiyyata üstünlük verdiyini qeyd edib.
Aydın bildirib ki, hər gün üçün çalışma planı hazırlayıb və bu plana uyğun hərəkət edib. Onun sözlərinə görə, kitabxananın sakit və nizamlı mühiti hazırlıq prosesində mühüm rol oynayıb.
“Buradakı şərait mənə daha səmərəli çalışmağa kömək etdi. Zəngin mənbələrdən istifadə etdim və ehtiyac olduqda əməkdaşlardan dəstək aldım”, - deyə Aydın bildirib.
Qalatasaray Universitetinin Hüquq fakültəsində təhsil almağı hədəfləyən Aydın imtahana hazırlaşan şagirdlərə erkən başlamağı və möhkəm təməl yaratmağı tövsiyə edib.