XƏBƏRLƏR

15.08.2019 11:29
Ceyhun Salmanov: ASAN komandası olaraq daim yeni texnologiyaların, innovasiyaların dövlət idarəçiliyinə tətbiqinə çalışırıq

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanovun Dövlət Agentliyinin innovasiyaların tətbiqi və bu sahədə nəzərdə tutulan layihələri barədə müsahibəsini təqdim edirik:

- Fəaliyyətiniz və gələcək planlarınız barədə nə deyə bilərsiniz?

- Bildiyiniz kimi, “ASAN xidmət” ölkəmizin dünyaya bəxş etdiyi çox praktik sosial innovasiya layihəsi və Azərbaycanın intellektual məhsuludur. “ASAN xidmət”in dövlət xidmətlərinin təqdim edilməsi sahəsindəki uğurları beynəlxalq müstəvidə də maraqla qarşılanır. Artıq bir sıra dövlətlər bu sahədə ölkəmizin təcrübəsini öyrənir və tətbiq edirlər. Beynəlxalq təşkilatlar “ASAN xidmət” modelini qabaqcıl təcrübə kimi öz üzvlərinə tövsiyyə edirlər. Beləki, 2015-ci ildə “ASAN xidmət” modeli Birləşmiş Millətlər Təşkilatı tərəfindən “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında ən yüksək yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub.

2018-ci ilin oktyabrında İSESKO tərəfindən “ASAN mükafatı” təsis edildi və dövlət xidmətlərinin təqdim edilməsində uğurlar qazanan üzv ölkələr hər il bu mükafatla təltif ediləcəklər.

Eyni zamanda cari ilin iyun ayının 24-26-da Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu keçirildi və bu Forum zamanı da rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində BMT-nin xüsusi mükafatı Azərbaycana təqdim edildi. Həmçinin “ASAN xidmət” modelinin dünyada daha geniş tanıdılması və təcrübə mübadiləsinin aparılması məqsədilə və razılaşmaya əsasən beynəlxalq bir platformaya çevrilməsi nəzərdə tutulan “ASAN Assosasiyası” yaradıldı. Göründüyü kimi nəticələr qürurverici olmaqla ölkəmizin dövlət xidmətləri, innovasiyalar və rəqəmsallaşma sahəsində gördüyü işlərin məntiqi nəticəsidir.

Qeyd edim ki, biz ASAN komandası olaraq əldə edilənlərlə kifayətlənmirik, daim yeni texnologiyaların, innovasiyaların dövlət idarəçiliyinə tətbiqi və ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş hədəflərə uğurla nail olmaq üçün çalışırıq. 

1.Məlumatların təhlili və analizi

Məlum olduğu  kimi data dövrümüzün nefti adlanır. Müxtəlif informasiya sistemlərində toplanan məlumatların müasir üsullarla təhlili və tətbiqi yeni və vətəndaş mərkəzli (citizen centric) xidmələrin yaradılması baxımından olduqca əhəmiyyətlidir.

Artıq bir müddətdir ki, Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzində (EHİM ) təcrübəli data analitika komandası yaradılıb və sevindirici haldır ki, bu sahədə bir sıra nailiyyətlər əldə edilib. Dövlət Agentliyi tərəfindən qərar qəbuletmə prosesinin sürətləndirilməsi və xidmətlərin keyfiyətini artırılması üçün bir sıra sistemlər və hesabatlılıq alətləri istifadəyə verilib.

Açıq dövlət məlumatlarının təhlili və qərar qəbuletmə prosesində istifadəsi üçün “Big Data” analizi texnologiyasının tətbiqi üzərində işlər görülür. Məlumatların strukturlaşdırılaraq anomaliyaların aradan qaldırılması, təhlillər əsasında proqnozların aparılması nəzərdə tutulur. İctimai sahədə yeni həllərin yaradılması prosesinin sürətləndirilməsi məqsədilə startaplaırın açıq məlumatlara çıxışının təmin edilməsi istiqamətində texniki və təşviqedici işlər nəzərdə tutulur.

Qeyd edim ki, proaktiv xidmətlərin yaradılması üçün data analitika vacib əhəmiyyət kəsb edir.

2.Proaktiv xidmətlərin genişləndirilməsi

“myGov” konseptinin genişləndirilməsi və daha çox vətəndaş məlumatlarının şəxsi kabinetdə formalaşdırılması istiqamətində işlər davam etdirilir. Dövlət orqanlarının informasiya sistemlərinin inteqrasiyası nəticəsində daha çox məlumata çıxışın təmin edilməsi, arayışların sayının artırılması, ağıllı bildiriş sisteminin daha çox xidmətə tətbiqi üzərində işlər aparılır. Vətəndaşların ”myGov” platforması üzərindən dövlət orqanlarına sorğuların göndərilməsi və müvafiq elektron cavabların alınması prosesinin daha da təkmilləşdirilməsi nəzərdə tutulur. “myGov” platforması vasitəsilə vətəndaşlar özləri barədə məlumatların dəqiqləşdirilməsi, dövlət orqanlarına müvafiq məlumatlarda düzəlişlərin və əlavələrin edilməsi barədə sorğular göndərə bilirlər.

Bu konseptin uğurlu olması üçün bütün dövlət orqanlarının birlikdə sinerji halında çalışması vacibdir. Biz, Dövlət Agentliyi olaraq səmərəli koordinasiyanın həyata keçirilməsi üçün gərəkli tədbirləri həyata keçiririk. Rəqəmsal tronsfarmasiyanın sürətləndirilməsi məqsədilə Dövlət Agentliyinin rəhbərliyi ilə dövlət orqanlarının nümyəndələrindən ibarət elektron hökumətin icra qrupu yaradılıb və mütəmadi görüşlər keçirilir.

Hazırda dövlət qurumlarının və müxtəlif özəl təşkilatların da ”myGov” platformasına inteqrasiyası və xidmətlərin sayının artırılması üzrə tədbirlər həyata keçirilir.

3.İnnovasiya infrastrukturunun genişləndirilməsi

Dövlət orqanlarının fəaliyyəti və həyata keçirəcəyi layihələr, yeniliklər barədə vətəndaşların rəy və təkliflərinin əldə edilməsi, mövcud problemlərə dair həll yollarının tapılması məqsədilə “Vahid İdeya Bankı” platforması istifadəyə verilib. Bu platforma tam avtomatlaşdırılmış şəkildə ideya müsabiqələrinin elanı, ideyaların qiymətləndirilməsi, təhlili və nəticələrin elan edilməsini təmin edir. Platforma dövlət idarəetməsinin təkmilləşdirilməsi sahəsində vətəndaş iştirakçılığının təmin edilməsi məqsədi daşıyır. Bu günə qədər İdeya Bankı üzərindən 25-dən çox müxtəlif məzmunlu müsabiqə keçirilmiş və 7 minə yaxın ideya qəbul edilmişdir ki, onlardan 700-dən çoxu reallaşdırılmış və ideya qalibləri mükafatlandırılmışdır.

Ölkə üzrə innovativ sahibkarlığın inkişafı və müxtəlif sahələr üzrə yeni və təkmilləşdirilmiş məhsulların yaradılmasına dəstək göstərmək, rəqabətqabiliyyətli innovasiyaların qlobal şəbəkəyə çıxarılması üçün ötən ilin noyabr ayında istifadəyə verilmiş Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin əhatə dairəsinin genişləndirilməsi və innovasiyaların daha geniş miqyasda təşviqi və dəstəklənməsi istiqamətində işlər görülür. Son 6 ay ərzində "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində 50-dən çox tədbir keçirilib ki, bu tədbirlərdə 4000-ə qədər şəxs iştirak edib. Tədbirlər, texnologiya, maliyyə, incəsənət, turizm, kənd təsərrüfatı, hüquq sahələrini əhatə edib. “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində startapçılar üçün intensiv olaraq Akselerasiya proqramı həyata keçirilir. 12 həftəlik intensiv Akselerasiya proqramı startaplara yerli bazarda inkişaf etməyə və beynəlxalq bazarlara daxil olmağa kömək edir. İNNOLAND Akselerasiya proqramı, müxtəlif sahələrdə mütəxəssis olan 30-dan çox yerli və beynəlxalq məsləhətçi tərəfindən dəstəklənir. Akselerasiya proqramı "Demo Day" ilə başa çatır, məzun olmuş komandalar investorlar və mütəxəssislər qarşısında çıxış edərək investisiya almaq imkanı qazanırlar. Ümumilikdə 7 layihə akselerasiya proqramından məzun olub. Hazırda 4 layihə akselerasiya proqramında iştirak edir. Müvafiq Akselerasiya proqramları Kənd Təsərrüfatı nazirliyi, “Azergold” ASC kimi təşkilatlarla davam etdirilir. Eyni zamanda müxtəlif dövlət və özəl təşkilatların sorğu və ehtiyaclarına uyğun yeni inkubasiya və akselerasiya proqramlarının keçirilməsi, layihələrin qəbulu və inkişaf etdirilməsi üzrə işlər görülür.

Təşkil olunmuş “Demo Day-in və investorlarla qarşılıqlı işin nəticəsi olaraq artıq “INNOLAND”da fəaliyyət göstərən startapların fəaliyyətinə 600 min manatdan artıq investisiya cəlb emişdir ki,bunun da 25 faizi xarici investisiyadır.

- Fəaliyyətinizdə hansı innovasiyalar və layihələr həyata keçirmək niyyətindəsiniz?

- ASAN xidmətlərin daha da təkmilləşdirilməsi. Biz bilirik ki, daim inkişaf edən çağrışlara cavab vermədən heç bir təsisatın uzun müddət effektiv fəaliyyət göstərməsi mümkün deyil.  Qarşımızda duran əsas çağırışlardan biri “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərin daha da sadələşdirilməsi və izafi addımların aradan qaldırılmasıdır. Biz hazırda mərkəzlərdə yeni texnologiyaların tətbiqi istiqamətində işlər aparırıq. Bildiyiniz kimi vətəndaşların mərkəzlərə gəlmədən xidmətlərə növbə tutması və növbəni rahat şəkildə idarə etməsi üçün “ASAN xidmət” mobil tətbiqi istifadəyə verilib.

Vətəndaşlar mobil tətbiq vasitəsi ilə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində müvafiq xidmət mərkəzini seçə, zəruri sənədlərin siyahısı ilə tanış ola və növbə götürə bilərlər. Həmçinin seçilmiş xidmət üzrə təqdim olunan mərkəzlərdə növbə sayı və növbənin bitmə vaxtı ilə tanış olmaq və müvafiq mərkəzi seçmək imkanı da yaradılıb. Təqdim olunan “Növbəni izlə” funksional bölməsi vasitəsi ilə vətəndaşlar növbə üzrə müraciətlərinin statusu ilə tanış ola bilər, həmçinin müraciətlərindən imtina edə və ya mərkəzlərə daha yaxın ərazidə olduğu zaman aktivləşdirməni həyata keçirə bilərlər. “ASAN xidmət” mobil tətbiqində vətəndaşlar üçün onlayn müraciət, telefon vasitəsi ilə 108 “Çağrı” mərkəzi ilə əlaqə, vətəndaşın dayandığı mövqedən xidmət mərkəzinə xəritə əldə etmək və digər faydalı imkanlar yaradılıb. Bir çox vətəndaşlar tərəfindən maraqla qarşılanan bu layihə hazırda daha da inkişaf etdirilir.

Bununla yanaşı mərkəzlərdə dövlət qurumları tərəfindən göstərilən xidmətlərin prosedurlarının təhlil edilməsi və sadələşdirilməsi ilə bağlı aidiyyatı dövlət qurumları ilə birgə işlər aparılır.

1.Süni intellekt texnologiyasının tətbiqi

ASAN-ın süni intellekt obrazının yaradılması və süni intellekt əsaslı məhsullarının hazırlanması həyata keçirilir. Süni intellekt texnologiyalarının tətbiqi ilə Dövlət Agentliyinin “Çağrı Mərkəzi” tərəfindən vətəndaşların müraciətlərinin cavablandırılması prosesinin avtomatlaşdırılması üzrə işlər görülür. Eyni zamanda maşın öyrənmə alqoritmi əsasında “ASAN xidmət” mərkəzlərində mövcud olan təhlükəsizlik kameralarının ağıllı qurğulara çevrilməsi və “əşyaların tanınması”, “emosiyaların müəyyən edilməsi”, “ vətəndaş axınının sayının və izlənilməsinin təşkili” kimi funksionallıqların təmini nəzərdə tutulur.

Həmçinin, Əşyaların interneti texnologiyasının ölkədə tətbiqi və bu sahədə yerli məhsulların yaradılması istiqamətində fəaliyyət nəzərdə tutulmuşdur. Dövlət Agentliyinin «INNOLAND» Inkubasiya və Akselerasiya mərkəzində əşyaların interneti tətbiqi nəticəsində ictimai xidmətlər sahəsində yeni qurğu və avadanlıqların, idarəetmə platformalarının yaradılması təmin ediləcəkdir. INNOLAND tərəfindən mühüm ictimai əhəmiyyət kəsb edən aşağıdakı sahələrdə ağıllı həllərin hazırlanması üzərində iş aparılır.

INNOLAND şəbəkəsinin geniləndirilməsi

“INNOLAND”ın əhatə dairəsinin genişləndirilməsi üçün regionlarda və paytaxt Bakıda yeni mərkəzlərin açılması planlaşdırılır Həmçinin onlayn akselerasiya proqramlarının həyata keçirilməsi və ölkənin istənilən yerindən startapçıların akselerasiya proqramına heç bir yerə getmədən qoşulmaları üçün zəruri infrastruktur yaradılır.

Lakin biz bilirik ki, bu mərkəzlərin açılması işin bir hissəsidir. Bizim növbəti mərhələdə əsas işlərimizdən biri ölkəmizdə innovativ düşüncə tərzini təşviq etmək və daha çox startap ideyaların yaranmasına nail olmaqdır. Bunun üçün həm təhsil ocaqları, həm də özəl şirkətlərlə sıx əməkdaşlıq edilməlidir. Nəticə olaraq çalışmalıyıq ki, “ASAN xidmət”in fəaliyyətində qazandığımız uğurlar, digər fəaliyyət sahələrində də təkrar olunsun. İnanırıq ki, ölkəmiz startaplar və innovasiyalar sahəsində regional hab-a çevrilmək potensialına malikdir. Bunun üçün bütün aidiyyatı dövlət qurumları və digər təsisatlar kordinasiya olunmuş şəkildə öz güclərini birləşdirməlidirlər.  

İlin gənc müəllimi-Müraciət formu