Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-02 09:34:00
Direktor adını qazananlar 1 il sonra yerdəyişmə edə bilərlər?-CAVAB

 

Bir neçə saatdan sonra dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçiriləcək.

İmtahanlar Azərbaycan Texniki Universitetinin idman zalında  baş tutacaq. Bu mərhələdə elektron ərizəsi qəbul edilən 2000-dən çox namizədin iştirakı nəzərdə tutulub.

İmtahan zamanı  namizədlərə əmək və təhsil qanunvericiliyi, idarəetmə, məntiq əhatə olunmaqla 60 test tapşırığı təqdim ediləcək.

Hazırda namizədlərin ən çox verdikləri sual isə direktorların işə qəbul müsabiqəsi nəticəsində təyinat alanların yerdəyişməsi ilə bağlıdır:

Sual:

DİQ müsabiqəsində arzulamadığım yerə təyinat alsam, 1 il sonra yerdəyişmə edə bilərəm?

Cavab:

Xeyr! müsabiqənin nəticəsinə əsasən, direktor yalnız 3 ildən artıq müddətdə təyin olunduğu müəssisədə işlədiyi halda yerdəyişmə edə bilər. Yerdəyişmə məktəbin buraxılış imtahanları və məzunların ali məktəblərə qəbul nəticələri nəzərə alınaraq Nazirlik tərəfindən qərar qəbul edilməklə həyata keçirilir.

Bundan əlavə, direktorlar yalnız 1 il müddətinə təyinat alırlar. Bəzi hallarda direktorun işlədiyi məktəbdə əmək müqaviləsi 1 il müddətinə uzadılır.  Bu zaman son 1 ildə direktor barəsində intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi, məktəbin IX sinif üzrə buraxılış imtahanlarında müsbət dinamika və nəticələrin rayonun orta göstəricilərindən aşağı olmaması, məzunların ali məktəblərə qəbul göstəricilərində irəliləyişin olması, beynəlxalq və respublika fənn olimpiadalarında şagirdlərin qalib adını qazanması nəzərə alınır.

Qeyd edək ki, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları