Azedu.az

Bütün universitetlərdə süni intellekt sahəsinə uyğun bölmələr açılıb

Universitetlər

21 Mart 2025, 14:38
Bütün universitetlərdə süni intellekt sahəsinə uyğun bölmələr açılıb

"2025–2028-ci illər üçün süni intellekt Strategiyası"nda qeyd olunur ki, Azərbaycanda süni intellekt sahəsində istedad və bacarıqların təkmilləşdirilməsi məqsədilə Süni İntellekt Akademiyası yaradılacaq.

 

Bəs görəsən, bu akademiyanın yaradılmasının elmə və təhsilə hansı faydaları olacaq? Bundan sonra süni intellekt sahəsində rəqabət güclənəcəkmi?

 

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü Elvin Abbasov AzEdu.az-a açıqlamasında bildirib ki, dövlətin bu sahəyə maraq göstərməsi və dəstək verməsi rəqabəti daha da artıracaq:

 

“Hər bir texnologiya öz kulturasını formalaşdırır. Məsələn, kriptovalyuta, blokçeyn texnologiyaları bir mədəniyyəti əks etdirdi və dünyada öz icmasını, eləcə də biznesini yaratdı. Eyni zamanda, kibertəhlükəsizlik sahəsi, süni intellekt də bu qəbildəndir.

 

"Metaverse" isə, o öz kulturasını yarada bilmədi. Hegemon şirkətlər, eləcə də META tərəfindən süni şəkildə metaversə yaradılmağa çalışıldı, amma o qədər də uğurlu ola bilmədi. Nə qədər süni reputasiya yaradılsa da, o “şar kimi partladı”. Amma süni intellekt bu formada çalışmır. O artıq illərdir ki, təbii şəkildə ekosistemdə öz yerini tutdu, icmasını yaratdı, bizneslərə, sahələrə sektorlara və peşələrə böyük töhfə verdi. Süni intellekt bütün ölkələrdə strategiya halına gəldi. Bu strategiyanın isə müxtəlif tərkib hissələri var. Onlardan biri də təhsil sahəsidir.

 

Təhsil sahəsində akademiyaların yaradılması istiqamətində Azərbaycanda mühüm addımlar atılırdı. Bütün universitetlərində süni intellektlə bağlı uyğun bölmələr açılıb, fakültələrin daxilində bu sahəyə dəstək proqramları formalaşdırılıb. Bundan əlavə, xüsusi təhsil mərkəzləri süni intellekt sahəsində tədqiqatlar aparır. Bu istiqamətdə artıq ölkəmizdə də süni intellekt həllərinin yaradılması ilə bağlı bir çox startaplar fəaliyyət göstərir. Yerli startaplarımız süni intellektlə bağlı ABŞ-dən investisiya alıblar. Belə bir mühitdə, təbii ki, süni intellekt texnologiyalarının genişləndirilməsi çox vacib idi.

 

Süni İntellekt Akademiyasının yaradılması və bu sahəyə dövlət tərəfindən müxtəlif investisiya ayırması mühüm hadisədir. Dövlətin bu sahəyə maraq göstərməsi və dəstək verməsi rəqabəti daha da artıracaq.

 

Ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycan ekosistemində də yerli süni intellekt modellərini görə biləcəyik. Hazırda biz xarici modellər əsasında müəyyən həllər yaratmışıq. Növbəti mərhələdə isə tamamilə yerli süni intellekt həlləri və modellərinin ortaya çıxacağına inanırıq”.

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox