Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin müdiri Kadir Bektaşoğlu Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanlarında ən yüksək nəticə göstərərək 300 bal toplamış Xədicə İsmayılzadə, Tamella Əliyeva, Ləman Əhmədzadə, Ziya Alızadə və Onur Hətəmovla görüşüb.
AzEdu.az xəbər verir ki, lisey müdiri yüksək nəticə göstərən şagirdləri təbrik edərək onların əzmkar və məqsədyönlü fəaliyyətini yüksək qiymətləndirib. O vurğulayıb ki, bu cür nailiyyətlər həm liseyin, həm də ümumilikdə ölkə təhsilinin inkişaf səviyyəsinin bariz göstəricisidir.
“Şagirdlərimizin qazandığı bu uğurlar bizi qürurlandırır. Bu nəticələr həm ailələrin, həm müəllimlərin, həm də liseyimizin birgə əməkdaşlığının bəhrəsidir,” – deyə Kadir Bektaşoğlu qeyd edib.
O həmçinin əlavə edib ki, TDV Bakı Türk Liseyi olaraq ölkə təhsilinə töhfə vermək, gənc nəslin bilikli, bacarıqlı və vətənpərvər şəkildə formalaşmasına dəstək olmaq əsas məqsədlərimizdən biridir.
Görüş zamanı şagirdlər qazandıqları uğurda müəllimlərinin və ailələrinin verdiyi dəstəyin həlledici rol oynadığını bildiriblər. Onlar qeyd ediblər ki, planlı şəkildə çalışma, motivasiyanı qoruma və qarşılıqlı dəstək bu uğurun əsas səbəblərindəndir.
Qeyd edək ki, DİM tərəfindən keçirilmiş buraxılış imtahanlarında ümumilikdə 23 nəfər 300 bal toplayıb. Onlardan 5-i məhz TDV Bakı Türk Liseyinin şagirdləridir.