Şimal-Qərb Universitetinin mühəndisləri insan toxunuşunun mürəkkəbliyini təqlid edə bilən cihaz hazırlayıblar. Həmin cihazı həm də geyinmək mümkündür.
AzEdu.az “techxplore.com” saytına istinadla xəbər verir ki, “Science” jurnalında dərc olunan araşdırmaya görə, bu cihaz titrəmə, təzyiq, dartılma və bükülmə kimi müxtəlif toxunma hisslərini simulyasiya edə bilir. Cihaz yüngül, simsiz və kiçik ölçülüdür. O, blutuz vasitəsilə smartfonlara və virtual reallıq sistemlərinə qoşula bilər. İstifadəçilərə real toxunma hissi yaşatmaq üçün cihazı sürətli və ya yavaş işləyə, toxunma hisslərini birləşdirə bilər.
Tədqiqatçılar bu texnologiyanın virtual reallıq təcrübələrini inkişaf etdirəcəyini, görmə qüsuru olan insanlara naviqasiya köməyi göstərə biləcəyini və onlayn alış-veriş zamanı müxtəlif materialların teksturasını hiss etməyə imkan verəcəyini bildirirlər. Eyni zamanda, bu cihaz eşitmə məhdudiyyəti olan şəxslərin musiqini “hiss etməsinə” də kömək edə bilər.
Layihənin rəhbəri John A. Rogers cihazın sadəcə titrəmə yaratmaqdan daha çox funksiyalar yerinə yetirdiyini vurğulayır: “Biz toxunma duyğusunu tam proqramlaşdırıla bilən hala gətirdik. İstənilən istiqamətə hərəkət edə bilən kiçik aktuatorlarla dəriyə toxunma hissini təqlid edirik”.
Həmin texnologiya rəqəmsal və fiziki dünya arasındakı boşluğu aradan qaldırmağa və daha real toxunma təcrübəsi yaratmağa imkan verəcək.