"Firidun bəy Köçərli" mükafatının təqdimat mərasimi keçirilib.
3 mart tarixində AzEdu.az Təhsil Portalının təşkilatçılığı ilə "Firidun bəy Köçərli" adına mükafatın təqdimat mərasimi keçirilib.
AzEdu.az xəbər verir ki, mükafatın əsas məqsədi təhsilin inkişafında xidmətləri olan şəxsləri diqqət mərkəzində saxlamaq, onların fəaliyyət və uğurlarını geniş ictimaiyyətə çatdırmaqdır.
Hər il keçirilən bu müsabiqədə qaliblər peşəkar münsiflər heyəti tərəfindən seçilir və onlar xüsusi mükafatlarla təltif olunurlar.
Təqdimat mərasimində AzEdu.az Təhsil Portalının təsisçisi, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, 525-ci qəzetin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, AzEdu.az Təhsil Portalının direktoru Tünzalə Abbasova və mükafata layiq görülən şəxslər iştirak ediblər.
Daha sonra isə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, deputat Anar İskəndərov, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov, “Report İnformasiya Agentliyi” MMC-nin direktoru Fuad Hüseynəliyev, Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov, Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova və digər iştirakçılara söz verilib.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid mükafat qaliblərini təbrik edərək tədbiri açıq elan edərək qonaqları salamlayıb.
Sədr çıxışı zamanı qeyd edib ki, “Firidun bəy Köçərli” mükafatı artıq 5-ci dəfədir qaliblərinə təqdim edilir:
“AzEdu.az saytının fəaliyyəti, eyni zamanda təhsilimizə verdiyi töhfələr və araşdırmalar yüksək qiymətləndirilir. Bu mükafatın təsis edilməsi olduqca vacib bir addımdır. Fürsətdən istifadə edib Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlıya dərin minnətdarlığımı bildirirəm. Biz sonuncu dəfə “Şirməmməd Hüseynov mükafatı" üçün bir araya yığışmışdıq. Bu mükafatında dərin bir mənası var. Düşünürəm ki, Firidun bəyin Azərbaycan təhsilində qısa müddətdə gördüyü böyük işlərə bu, həm minnətdarlıq, həm vəfa, həm də etibarın bir göstəricisidir".
Daha sonra çıxış üçün AzEdu.az Təhsil Portalının təsisçisi Elşad Eyvazlıya söz verildi.
E.Eyvazlı ilk növbədə qonaqlara təşəkkürünü və dərin minnətdarlığını bildirib:
""Firidun bəy Köçərli" mükafatı təhsilin müxtəlif sahələrinə töhfə verən insanlara təqdim olunur. Bu mükafat elə şəxslərə verilir ki, onlar daim təhsil sahəsində fəaliyyət göstərirlər.
AzEdu bu günə qədər bir çox layihə həyata keçirib. Onların arasında “Örnək müəllim”, “İlin gənc müəllimi” və “Brend tələbə” kimi təşəbbüslər yer alır. Bu layihələrin əsas məqsədi, istər Bakıda, istərsə də bölgələrimizdə təhsilə töhfə verən insanların diqqətdən kənarda qalmamasını təmin etməkdir. Ən azı onların əməyi qiymətləndirilməli və diqqət mərkəzində olmalıdır. Çünki bir müəllimə təqdim edilən sertifikat belə onun üçün böyük stimul ola bilər.
Qeyd edim ki, bizim media qrupumuzda Modern.az, MediaTürk və NewDiaspor.az yer alsa da, təhsil mövzusu mənə hər zaman daha yaxın olub. Təhsil sahəsində yazı yazarkən anlayırsan ki, bundan gözəl bir sahə yoxdur. Düşünürəm ki, gələcəkdə də əməkdaşlığımız davam edəcək. Əgər növbəti ildə nominasiya qaliblərinin təklifləri olarsa, onları böyük məmnuniyyətlə dinləməyə hazırıq".
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İskəndərov çıxışı zamanı fikirlərini belə ifadə edib:
“Təhsil hər kəsin evindədir. Bu dünyanın hər yerində belədir. Müəllimlik olduqca çox çətin sahədir. Müəllimin 3 əxlaq forması var. İlk növbədə ədalətin yerində olması, əxlaqın yerində olması və bir də nəfsin. Mükafatın böyüyü kiçiyi olmur.
Buna görə də Elşad Eyvazlıya dərin təşəkkürümü bildirirəm. Firidun bəy Köçərli sözün əsl mənasında böyük şəxsiyyət olub. Ona görə də onu adına təsis olan mükafatı almaq şərəfdir”.
“Report İnformasiya Agentliyi” MMC-nin direktoru Fuad Hüseynəliyev təqdimat mərasimində çıxışı zamanı rəhbərlik etdiyi Agentliyin təkcə işıqlandırdığı xəbərlərlə deyil, həm də təsis etdiyi "Report Media Məktəbi" ilə də təhsil sahəsinə töhfə verdiyini vurğulayıb:
"Report Media Məktəbi"nin tələbələri hazırda "Report" İnformasiya Agentliyində, eləcə də digər media qurumlarında çalışırlar. Biz üç aya yaxın müddəti əhatə edən təlimlərdə çalışırıq ki, tələbələrə media sahəsində təhsil ötürə bilək və universitet həyatında öyrənilən nəzəri bilikləri praktika ilə əvəzləyək".
Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov müfakata layiq görülməsi ilə bağlı təəssüratını bölüşüb:
"Əziz dostlar, bu gün çox möhtəşəm bir gündür. Mükafata layiq görülmək və belə gözəl insanların əhatəsində olmaq mənim üçün böyük şərəfdir. Azərbaycan Mətbuat Şurasında bu mükafatın təqdim olunması olduqca təqdirəlayiq bir hadisədir. “Firidun bəy Köçərli” mükafatına layiq görüləcəyimdən xəbərsiz idim, bu səbəbdən də özümü çox sevincli hiss edirəm.
Bu millətə və təhsilə xidmət etmək mənim üçün həm şərəf, həm də vəzifə borcudur. Əsas amalımız fəaliyyətimizi layiqincə yerinə yetirməkdir. Firidun bəy Köçərli həm Azərbaycanda, həm də Qərbi Azərbaycanda maarifçiliyin ən önəmli simalarından biri olub. Onun gördüyü işlər elə Azərbaycanın özü qədər dəyərlidir və başqa maarifçilərlə müqayisə olunmayacaq qədər böyükdür. Bu dəyərli mükafata layiq görüldüyüm üçün bir daha dərin minnətdarlığımı bildirirəm!".
Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov təəssüratlarını dilə gətirib:
"Bu gün Azərbaycan təhsilinin Firidun bəy Köçərliyə ehtiyacı var. Bəli, təhsil bu gün hər birimizin evindədir. Düşünürəm ki, ibtidai sinif müəllimləri uşaqların ruhuna toxunan ilk insanlardır. Şagirdlər, əslində həmin müəllimlərin gələcəyə yazdığı məktublardır. O məktublar necə yazılacaqsa, elə də geri qayıdacaq.
AzEdu.az saytının sevdiyim bir şüarı var: “Təhsil bizim işimizdir.” Əməyimə verilən dəyərə görə hər kəsə təşəkkür edirəm. Bundan sonra da yalnız təhsil üçün fəaliyyətimizi davam etdirəcəyik".
Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova “Firidun bəy Köçərli” təqdimatına layiq görülməsi münasibəti ilə təşəkkürünü bildirərək çıxışına davam edib:
“Qarlı-şaxtalı Şuşamızdan hər birinizə salam gətirmişəm. Bizim üzərimizdə böyük bir məsuliyyət var və bu məsuliyyət altında çalışırıq. 44 günlük Vətən müharibəsinin sonunda biz öz doğma torpaqlarımıza qayıtdıq. Bu gün qürurla məktəbimizin qarşısında dayanıb şagirdlərimizi sinif otaqlarına yola salırıq. Şuşa təhsilinin inkişafında əlimizdən gələni əsirgəmirik.
“Firidun bəy Köçərli” mükafatına layiq görüldüyüm üçün çox təşəkkür edirəm. İnanıram ki, belə tədbirlərə artıq bizdə ev sahibliyi edə biləcəyik. Hər birinizə dərin minnətdarlığımı bildirirəm”.
Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə söyləyib ki, bu mükafata layiq görülmək şərəfdir:
"AzEdu.az saytı ilə biz demək olar ki, həmyaşıdıq. 7 ildən bir qədər artıqdır ki, fəaliyyət göstərirəm. Əməkdaşlıq üçün ilk dəfə görüşümüz bugünkü kimi yadımdadır. Bu mükafatı mənə təqdim etməklə məsuliyyətimi 1-ə 5 artırmış olursunuz. Bir daha təşəkkür edirəm”.
Bakı şəhəri 232 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəminə Zalova sevinc hissini bölüşmək üçün çıxış edib:
“Bu gün burda hiss etdiyim mənəvi məmnunluq zövqünə görə hər birinizə təşəkkür edirəm. Mən müəllim çörəyi ilə böyük insanan. Sinif otağına daxil olduğum ilk gündən elə bilirəm ki, bütün Azərbaycan müəlliminin məsuliyyəti mənim çiyinlərimdədir. Ona görə də mənim pis müəllim olmağa haqqım olmamalıdır. Hər hərəkətimi ölçüb biçirəm. Verdiyiniz dərə görə hər birinizə minnətdaram. Bu gündən sonra daha yaxşı müəllim olmaq üçün çalışacağam”.
Sonda qaliblərə mükafatlar təqdim olunub.
Qeyd edək ki, "Firidun bəy Köçərli" adına mükafata Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İskəndərov; Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev; Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov; Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova; “Report İnformasiya Agentliyi” MMC-nin direktoru Fuad Hüseynəliyev; Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov; Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə; Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov; Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova; Bakı şəhəri 232 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəminə Zalova layiq görülüb.