“Azərbaycanda sahə jurnalistikasında ciddi problemlər var”.
Bu sözləri təhsil jurnalisti, ekspert Məzahir Məmmədli AzEdu.az-a açıqlamasında bildirib.
Ekspert qeyd edib ki, dünən Elm və təhsil nazirinin brifinqini izləyərkən müşahidə etdik ki, bəzi jurnalistlər verdikləri suallarla həm özlərini, həm də təmsil etdikləri media qurumlarını gözdən salırlar:
“İdman, təhsil, iqtisadiyyat və digər sahələrdə peşəkar yanaşmanın çatışmazlığı problemləri daha da dərinləşdirir. Əsas narahatlıq yaradan jurnalistlərin hazırlıqsızlığı və spesifik mövzular üzrə kifayət qədər məlumatlı olmamalarıdır. Brifinqi izləyərkən KİV nümayəndələrinin verdiyi sualların səviyyəsi vəziyyətin ciddiliyini bir daha göstərdi. Bəzi jurnalistlərin məsələnin mahiyyətini anlamadan, səthi və məntiqsiz suallar verməsi peşəkar yanaşmanın olmamasına dəlalət edir. Jurnalist hər hansı bir tədbirdə iştirak etməzdən əvvəl həmin mövzu barədə araşdırma aparmalı, əsas problemləri və ictimai maraqları ön plana çıxarmalıdır. Universitetlərdə sahə jurnalistikası üzrə ixtisaslaşmış dərslərin azlığı, tələbələrin praktik biliklərdən məhrum olması peşəkar jurnalist fəaliyyətlərində özünü göstərir.
Həmçinin jurnalistlər üçün mütəmadi təlimlər və seminarlar təşkil olunmalıdır ki, onlar öz bilik və bacarıqlarını artıraraq cəmiyyətin informasiya ehtiyaclarını daha yaxşı ödəyə bilsinlər.
Digər vacib məqam isə media qurumlarının jurnalistlərdən tələbləridir. Redaksiyalar operativ xəbərlər verməyə fokuslandığından, jurnalistlər detallı araşdırmalara zaman ayıra bilmir. Nəticədə, sahə jurnalistikası inkişaf etmir və jurnalistlər verdikləri suallarla həm özlərini, həm də təmsil etdikləri media qurumlarını gözdən salırlar”.