Bakı şəhəri, Qaradağ rayon Neftçi Qurban adına 288 nömrəli tam orta məktəbdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə əməkdaşlıq çərçivəsində nümunəvi dərslər keçirilib.
AzEdu.az xəbər verir ki, ilk dərs ADNSU-nun müəllimi fizika üzrə fəlsəfə doktoru Dünyaməddin Əsgərovun rəhbərliyi ilə 10c (texniki təmayül) sinfində “Səs dalğaları, səsin sürəti” mövzusunda keçirilib.
İkinci dərs isə məktəbin 10t ( texniki təmayül) sinfində fizika üzrə fəlsəfə doktoru İbrahim Abbasov tərəfindən eyni mövzuda keçirilib.
İnteraktiv formada keçirilən nümunəvi dərslər şagirdlərin fəallığı ilə müşayiət olunub.
Nümunəvi dərslərdən sonra məktəbin direktoru Aygün Hüseynova sözügedən layihənin reallaşdırılmasında verilən əhəmiyyətli dəstəyə və səmərəli əməkdaşlığa görə ADNSU-nun rəhbərliyinə və müəllimlərinə təşəkkürünü bildirib. Direktor diqqətə çatdırıb ki, nümunəvi dərslər ADNSU ilə məktəb arasında əlaqənin genişləndirilməsi, məktəblilərin elmə marağının artırılması və yüksək bacarıqlı kadrların yetişdirilməsi məqsədlərinə xidmət edir. Şagirdlərin elmi araşdırma məsələlərinə həvəsləndirilməsi və dünyagörüşünün düzgün istiqamətdə formalaşdırılması da bu layihənin məqsədlərindəndir. Əməkdaşlığın genişləndirilməsində məqsəd bu işin metodika və metodologiyasının təkmilləşdirilməsi, bütövlükdə təhsilin keyfiyyətinin yüksəldilməsi üçün birgə səmərəli fəaliyyətə təsir edir.
ADNSU-nun müəllimləri də əməkdaşlıqdan məmnunluq ifadə edərək universitet ilə Bakı şəhəri, Lökbatan qəsəbəsi Neftçi Qurban Abbasov adına 288 nömrəli tam orta məktəb arasında elmi-pedaqoji əməkdaşlığın təqdirəlayiq olduğunu vurğulayıblar.
Qeyd edək ki, bu cür layihələr Neftçi Qurban adına 288 nömrəli tam orta məktəbdə mütəmadi həyata keçirilir.