Bu il ali təhsil müəssisələrinə qəbul prosesi ilə bağlı gözləntilər artıb. Təhsil sistemindəki dəyişikliklər və plan yerlərinin sayının artırılması, abituriyentlər üçün daha geniş imkanlar yaradır. Keçən illərlə müqayisədə, bu il daha çox tələbə ali məktəblərə qəbul oluna biləcəyi düşünülür.
Maraqlıdır, bu fikirlər nə dərəcə həqiqəti əks etdirir?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlu qeyd edib ki, abituriyentlərin universitetə qəbul üçün əlverişli şəraiti olacaq:
“Bu mövzu ilə bağlı konkret fikir bildirmək çətindir. Lakin keçid balının artıb-azalmasına təsir edən iki əsas amil var: abituriyentlərin topladığı bal və plan yerlərinin sayı. Ötən il plan yerlərinin sayı təxminən 60 min idi, bu il isə 75 minə çatdırılması gözlənilir. Gələcək illərdə bu rəqəmin daha da artması mümkündür. Plan yerlərinin çoxalması abituriyentlər üçün daha geniş imkanlar yaradır və onların qəbul şansını artırır. Fikrimcə, bu il nəticələr daha ümidverici olacaq və abituriyentlər üçün daha əlverişli şərait yaranacaq”.