Azedu.az

Bir buraxılış vərəqəsi, bir qələm və saysız arzular… - İmtahandan REPORTAJ

Buraxılış İmtahanları

Müsahibə və reportajlar

Dövlət İmtahan Mərkəzi (DİM)

2 Mart 2025, 13:50
Bir buraxılış vərəqəsi, bir qələm və saysız arzular… - İmtahandan REPORTAJ

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami, Abşeron (I hissə), Sumqayıt (I hissə), Gəncə (I hissə), Goranboy, Yevlax, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Göyçay, Ağdaş, Şamaxı, Qobustan, Kürdəmir, Lənkəran, Cəlilabad, Yardımlı, Bərdə, Tərtər, Ağdam, Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən, Şabran, Ağdərə (Talış kənd tam orta məktəbi), Xocalı, Xankəndi, Şuşa və Laçında (Şəhər 2 №-li tam orta məktəb, Zabux və Sus kənd tam orta məktəbləri) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.
 

AzEdu.az saytının əməkdaşı olaraq biz də bu gün keçirilən imtahanda DİM-in icazəsilə müşahidəçi qismində iştirak etdik.

 

DİM-dən keçdiyimiz akkreditasiyaya uyğun olaraq Binəqədi rayonu 135 nömrəli tam orta məktəbdə keçirilən imtahanda iştirak edib abituriyentlərin həyəcanına, valideynlərin gözlərindəki yaşa və dillərindəki dualara şahid olduq.

Soyuq bir mart səhəri olsa da, məktəb abituriyentləri qəbul etməyə tam hazır idi. Günlərdir davam edən qış soyuğuna baxmayaraq, məktəb həyətinə daxil olan şagirdlərin gələcəyə inamla addımlaması, üzlərindəki sevinc sanki ətrafı isidirdi. Bu, onların həyatındakı ilk böyük sınaqdır. 

Şagirdlər sıra ilə məktəbə yaxınlaşırdılar. Bəziləri əmin addımlarla içəri daxil olsa da, aralarında həyəcandan imtahan vərəqini bərk-bərk tutanları görmək çətin deyildi. Bir polis əməkdaşı əlində qələmlə məktəbə daxil oldu və imtahan rəhbərinə bildirdi ki, abituriyentlərdən biri qələmini anasından götürməyi unudub. Ona dərhal qələm təqdim edildi.

Yoxlama prosesində bir qızın həyəcanına şahid olduq. O, imtahana buraxılış vərəqəsi çirkləndiyi üçün ehtiyat məqsədilə iki nüsxə ilə gəlmişdi. Bu səbəbdən, girişdə problem yaşaya biləcəyini düşünürdü. Lakin heç bir maneə olmadı. 

 

Şagirdlərin yoxlanılması üçün xüsusi nəzarətçilər təyin olunmuşdu. Qızları qadın, oğlanları isə kişi nəzarətçilər yoxlayaraq içəri buraxırdı.

Hər il olduğu kimi, bu il də şagirdlərin üzərində qeyri-adi əşyalar aşkar edildi. Onların arasında təsbeh, siqaret, kibrit qutusu, adapter, qulaqlıq və elektron saat gətirənlər var idi.

Üzərində təsbeh olan bir şagird şəxsiyyət vəsiqəsini tapa bilmədiyini bildirildi. Bir müddət sonra vəsiqə elə həmin şagirdin kurtkasının cibindən tapıldı.

Saat 10:59… 

 

Bir oğlan təlaşla qaça-qaça binaya daxil oldu. Yolların buz bağladığını və Saxvoz Ramanadan gəldiyini deyərək üzrxahlıq etdi. Bu məsələ dərhal imtahan rəhbərinə bildirildi. İmtahan rəhbəri həmin şagirdlə birgə imtahan otağına doğru addımladı. Az əvvəl gözləri dolmuş oğlan indi ürəklə pilləkənə tərəf irəliləyirdi. Həyəcanı açıq şəkildə hiss olunurdu.

 

Nəhayət hər kəsin səbirsizliklə gözlədiyi an yetişdi. Saat 11:00. İmtahan başladı…

 

İmtahan rəhbəri Cəmilə Məmmədova bildirdi ki, imtahanlar təlimata uyğun olaraq şəffaf qaydada həyata keçirilir:

“Abituriyentlərin bilik və bacarıqlarını yoxlamaq üçün rahat şərait yaradılıb. Artıq imtahan başlayıb və audio qurğular işə salınıb. Hazırkı proses tam nizam-intizam qaydalarına uyğun şəkildə aparılır. Hələ ki, qeyri-adi heç bir hal müşahidə edilməyib”.

 

Ümumi imtahan rəhbəri Rəşid Qasımov isə abituriyentlərin sayı ilə bağlı ətraflı məlumat verdi:


“Ümumilikdə 195 şagirdin iştirakı nəzərdə tutulmuşdu. Onlardan 126-sı oğlan, 96-sı isə qızdır. Lakin 4 nəfər – 3 oğlan və 1 qız imtahana gəlmədi. Bir şagird gecikdi. O, imtahana buraxıldı, lakin audio qurğunu dinləməsinə icazə verilmədi. Şagirdi şəxsən özüm imtahan rəhbərinə təqdim edib məlumatlandırdım”.

 

Hazırda abituriyentlərin hansı hissləri keçirdiyini görə bilməsək də, qapı arxasında gözləyən valideynlərin həyəcanı, göz yaşları və duaları çox şey deyirdi. Onlar illərdir övladlarının çəkdiyi əziyyətdən və həyata keçirmək istədiyi arzularından xəbərdardırlar.

 

Saat 11:59. Binada sakitlik hökm sürməkdə davam edir. Təcili yardım əməkdaşları da burada növbədə idilər. Şükürlər olsun ki, indiyə qədər heç bir fövqəladə hal baş verməyib.


 

Saat 12:02… Bir şagird imtahanını bitirdiyi üçün yola salındı. Bizə bildirildi ki, həmin abituriyent peşə məktəbinin şagirdidir.

 

İmtahanı cəmi 1 saat ərzində tamamlayan Zaur Ağayevin sözlərinə görə, suallar onun üçün asan olub:

“4-cü ixtisas qrupu üzrə hazırlaşıram. İmtahan mənim üçün çətin deyildi. Fənlər içərisində ən asan İngilis dili oldu. Bu fənni uşaq yaşlarından yaxşı bildiyim üçün heç bir çətinlik çəkmədim. Digər fənlər də kifayət qədər rahat idi".

 

İmtahan iştirakçısı İlqarə Eminova da sualların asan olduğu qənaətindədir:

“178 saylı tam orta məktəbin 11a sinif şagirdiyəm. İmtahan mənim üçün asan idi. Ən çox Azərbaycan dili fənni rahat oldu. Lakin riyaziyyatda bir qədər çətinlik çəkdim. 150-200 bal aralığında nəticə toplayacağımı düşünürəm. 2-ci ixtisas qrupu üzrə hazırlaşıram və UNEC-in Maliyyə ixtisasına qəbul olmaq istəyirəm".

 

Kamran Seyfiyevin anası Humay Seyfiyeva övladının 2-ci ixtisas qrupu üzrə hazırlaşdığını bildirib:

“Bir valideyn kimi çox həyəcanlıyam. İnşallah hər bir şagird uğurlu nəticələr əldə edər. Oğlum daha çox iqtisadiyyat ixtisası üzrə təhsil almaq istəyir. Əgər həyəcanlanmazsa, 150 baldan yuxarı nəticə toplayacağını düşünürəm. Sınaqlara və hazırlıqlara mütəmadi qatılıb. Son dönəmlərdə müəllimləri onun nəticələri ilə bağlı razılıqlarını bildiriblər. Övladım da özündə bu məsuliyyəti hiss edirdi".

 

Musa Əlilinin valideyni Məhəmməd Əlili isə oğlunun ali məktəbə qəbul olmasını arzuladığını deyib:

“Övladım 5-ci ixtisas qrupu üzrə hazırlaşır. Hazırlıqlara davamlı olaraq gedib. Hazırda onun imtahandan çıxmasını səbirsizliklə gözləyirəm. Hər bir valideyn kimi mən də həyəcanlıyam. Bir ata kimi sevinirəm ki, Musanı müəllimləri həm tərbiyəsinə, həm də zəhmətkeşliyinə görə tərifləyiblər. Ümid edirəm ki, qəbul olacaq. Musa uzun müddətdir ki, idmanla məşğuldur və ən böyük arzusu İdman Akademiyasına qəbul olmaqdır. Mən də arzulayıram ki, gələcəkdə həm ölkəmizə yararlı bir vətəndaş, həm də peşəkar idman müəllimi ola bilsin".

 

Qeyd edək ki, 135 nömrəli məktəbdə imtahan verən şagirdlərin əksəriyyəti sualların asan olduğu qənaətindədirlər. Onların sözlərinə görə, fənlər içərisində Azərbaycan dili və İngilis dili daha asan olub.

 

İndi abituriyentləri düşündürən bir sual var: Görəsən, bu imtahan onların gələcəyini həll edəcək, yoxsa onlara xəyal qırıqlığı yaşadacaq?

 

Həyat uzun bir yoldur. Aydın məsələdir ki, bu yol heç vaxt düz olmayacaq. Amma imtahanlar bəzilərinə bu yolun yalnız bir başlanğıcı olduğunu öyrədir. Çünki nəhayətində, hər bir imtahan bir həyat dərsidir. Hər şagird bu dərsdən qalib çıxa bilər – yalnız özünü inanaraq.

 

Moskvada DƏHŞƏT - Silahlar işə düşdü - Yaralılar var
Son xəbərlərDaha çox