https://www.zirve.edu.az/
30.03.2018 06:15
Dövlət qulluğuna hazırlaşanlar üçün sınaq imtahanı keçiriləcək

Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçiriləcək. Sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 4 və 14 aprel tarixlərində baş tutacaq.

DİM-dən AzEDU-ya verilən məlumata görə, imtahan saat 10:00-da başlayacaq.

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanda iştirak etmək üçün onlayn qeydiyyat müvafiq olaraq 4 və 14 aprel tarixlərində saat 9:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.

Qeyd edək ki, sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır. Sınaq imtahanında təkrar test tapşırıqlarından istifadə ediləcəkdir.