Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-20 11:44:03
Bəzi universitetlər  ümumiyyətlə sorğularımıza cavab vermirlər - NAZİRLİK

“Gələcəkdə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə xidmətlərin göstərilmə müddətinin iki ay yarıma endirilməsi üçün işlər görülür”

Azedu.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi vəzifəsini icra edən Həsən Həsənli Nazirliyin Akkreditasiya və Nostrifikasiya İdarəsində keçirdiyi mediaturda deyib. Onun sözlərinə görə, nostrifikasiya prosesi hazırda 4 aya yaxın  müddətdə həyata keçir:

“Bunun əsas səbəbi universitetlərin idarə tərəfindən göndərilən sorğulara gec cavab verməsi və ya ümumiyyətlə cavab verməməsidir. Bu proseslərin tam elektronlaşmasından sonra nostrifikasiya müddətinin yarıya enəcəyi proqnozlaşdırılır.

Biz çalışırıq ki, elektronlaşmanı yeni bir səviyyəyə qaldıraq. Bunun nəticəsi olaraq, sentyabr ayından böyük sayda müraciət qəbul etmişik. Sentyabrdan sorğuların sayını da minimuma endirmişik. Köhnə sənədlərdə, hansıki sorğulara cavab verilməyib, biz çalışmışıq proseduru digər qaydada həyata keçirək. Yəni, artıq məcbur oluruq ki, universitetlərin daxili prosedurlarını öyrənək. Məsələn, tələbə bu krediti niyə bu semestrdə verib və s. kimi məsələləri müəyyən edirik. Bunun əsasında sənədlərin icrasını tezləşdiririk”

Həsən Həsənli qeyd edib ki, vətəndaşlar hər hansı xarici ali təhsil müəssisəsinin girovuna çevrilməməlidir:

“Bu baxımdan, 2019-cu ilin yanvar-fevral aylarından bu sahədə əsaslı dönüş baş verəcək. Ötən illərlə müqayisədə görürük ki, sənədlərini düzgün təqdim edənlərin də sayı artmaqdadır. Bu sahədə görülən işlər davam etdirilir.”