https://www.zirve.edu.az/
28.03.2018 13:56
Azərbaycanda İnteraktiv Elm Muzeyi quruldu

Növbəti tədris ilində fəaliyyətə başlayacaq Hədəf STEM liseyində tədris qabaqcıl ölkələrdə getdikcə kütləviləşən STEM konseptinə əsaslanır.

Bu konseptə görə, elm, texnologiya, mühəndislik və riyaziyyatın “toxunaraq və edərək”, disiplinlərarası inteqrasiya, təcrübələr və proyektlər vasitəsilə öyrədilməsi nəzərdə tutulur. Muzeyin ideya müəllifi, liseyin qurucusu və direktoru f.ü.f.d. Şəmil Sadiq liseydə 200 kv.m. sahəsi olan qapalı məkanı muzey üçün ayırdıqlarını bildirir. Muzeyin qurucusu və interaktiv təcrübələrin ideya müəllifi, həmçinin muzeyin nəzdində fəaliyyət göstərəcək elmi klubun rəhəbəri isə tanınmış mühəndis Elçin Abbasovdur. Elçin Abbasov həm də muzeydəki təcrübələri bilavasitə hazırlayır.


Liseyin elmi məsləhətçisi Yalçın İslamzadənin bildirdiyinə görə, STEM təhsili adı altında bir çox hallarda mühəndislik və texnologiyanın yarandığı zəminin təbiət elmləri, riyaziyyat və informatika olduğu unudularaq sadəcə son mərhələ, bəzi hazır hissələrdən müəyyən proyektlər ortaya çıxarmaqla, əvvəlcədən bilinən nəticələrə gəlmək üzərində qurulur və fundamental elmlərin əsas prinsip və qanunlarını dərindən öyrətmək unudulur. Məhz bu prinsiplərin işləyişini konkret təcrübələr üzərindən görünür etmək üçün fənn laboratoriyaları ilə birlikdə liseydə elm muzeyinin də qurulması qərara alınıb. Hazır məhsulları alıb muzeydə quraşdırmaq və onları şagirdlərə toxunmadan, uzaqdan nümayiş etdirmək əvəzinə, yerli imkanlarla və dinamik eksponentlər hazırlamağa üstünlük verilib. Beləliklə, şagirdlər dinamik eksponentlərə toxuna, kinematika, dinamika, elektromaqnetizm, termodinamika, optika və digər sahələrdəki prinsipləri və qarşılıqlı çevrilmələri müşahidə edə biləcəklər.

Muzeyin birinci mərhələsinin açılışı Aprel ayı üçün nəzərdə tutulur. Açılış günü və həmin tarixdən etibarən şagirdlər muzeyi ziyarət edə, muzey bələdçisindən təcrübələr, qanunlar və çevrilmələr haqqında məlumatlar ala bilərlər. Lisey rəhbərliyi əmindir ki, İnteraktiv Elm Muzeyini ziyarət etmək şagirdlər üçün unudulmaz təcrübə olacaq və onları elmlə daha dərindən maraqlanmağa həvəsləndirəcək.